Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.

Modern.az xəbər verir ki, bu gün B.Əliyev Bakıda məskunlaşmış Ağdamdan olan məcburi köçkün seçiciləri ilə növbəti görüş keçirib. Görüş səmimiyyət və diskussiya şəraitində keçib və ölkəmizdə həyata keçirilən islahatlar, seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

B.Əliyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi, dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğı haqqında geniş danışıb. O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin, o cümlədən ağdamlı köçkünlərin problemlərinin həlli, sosial və mənzil şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzində olub, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə bu sahədə böyük işlər görülüb, yeni və müasir qəsəbələr salınıb, məcburi köçkünlərin yaşayış və işsizlik problemləri həll olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında danışan B.Əliyev bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb, Azərbaycanın bir sıra mədəni-tarixi abidələri UNESCO-nun Dünya irs siyahısına daxil edilib. 

B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və platformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daim doğma ağdamlılarla bir yerdə olacaq, onların qaldırdığı məsələlərə diqqətlə yanaşacaq.

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Onlar deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də fevralın 9-da Bəxtiyar Əliyevə səs verəcəklər.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Yasamal, Qaradağ rayonu Qobu Park Yeni yaşayış kompleksində məskunlaşmış seçiciləri ilə görüşlər keçirib.

https://modern.az/az/news/224504?fbclid=IwAR2sum-2RDwD30QMuunbKuQBV--oErRURtlZPb8pDLeuNSRMmoiX8SEPw6w


"