ALTSHEYMER

Altsheymer  yaşlılıq dövründə özünü göstərən neyrodegenerativ bir xəstəlikdir.  Demensiyanın (lat. dementia-ağılsızlıq) ən geniş yayılmış növü olaraq bilinir.  Demensiyası olan şəxslərin 70%-də Altsheymer xəstəliyi özünü göstərir. Xəstəlik zamanı bəzi beyin hüceyrələrinin  məhv olur və  xəstəliyin  sonrakı  vaxtlarında xəstə bacarıq və qabiliyyətlərini get-gedə itirməyə başlayır və ən sonda kiminsə köməyindən asılı vəziyyətə gəlir.         

          Xəstəlik tarixçəsi

Altsheymer ilk dəfə 1906-cı ildə alman psixatrı A.Altsheymer tərəfindən  D.Auguste  adlı bir qadın xəstədə müəyyənləşdirilmişdir. Bu xəstəliyə keçən əsrin 60-cı illərinədək qocalıq ağıl zəifliyinin atipik forması kimi baxılırdı. Bəzi xarici mənbələrə istinadən belə bir məlumat əldə edilmişdir ki, psixiatriya xəstəxanalarında olan xəstələrin təqribi 0.3%-0.5%-ni təşkil edir. Xəstəlik kişilərə nisbətən qadınlarda daha çox görülür. Aparılan araşdırmalara görə,  85 yaşdan yuxarı olan insanlar arasında bu xəstəliyin görülmə faizi 50-dir.

   Xəstəliyin əlamətləri

  • Ən başlıcası proqressiv şəkildə inkişaf edən ağıl zəifliyidir;
  • Baş verən yaddaş pozuntuları həm yaxın və həmçinin uzaq zaman aralığını əhatə edir;
  • Xəstələr yavaş-yavaş heç nəyi xatırlaya bilmirlər. Əvvəl yaxın keçmişdə baş verən hadisələri, sonra yavaş-yavaş uzaq keçmişə aid olan hadisələri unudurlar;
  • Depressiya, narahatlıq, ümumi gərginlik;
  • Hallisünasiyalar, fantastik ideyalar;
  • Apatiya;
  • Gündəlik vəzifələrini yerinə yetirə bilməmək;Ətraf mühitə uyğunlaşma çox çətinləşir, zahiri görkəmcə laqeyd və süst kimi görünürlər;
  •  Edilən söhbət zamanı söhbəti davam etdirə bilməmək, plan qurmaq və buna uyğun davranmaqda, qərar qəbul etməkdə çətinlik çəkirlər;
  • Yeni bir məlumat öyrənmə, bir qədər əvvəl  deyilmiş söhbəti yaxud gördüyü şəxs və hadisələri xatırlamamaq;
  • Tanış insan və əşyanı tanıya bilməmək;
  • Danışıq qabiliyyətləri yavaş-yavaş pozulur, onları anlamaq çətin olur;
  • Zaman və məkanla bağlı təhriflər;
  • Getdikcə xəstələrin həm psixi və həm də somatik halı pisləşir.

         Xəstəliyin gedişatı

 İlk vaxtlarda, yəni xəstəliyin başlanğıc ərəfəsində  xəstəliyə xas əlamətlər  özünü  çox büruzə vermir. Sonrakı vaxtlar da isə əlamətlər özünü kəskin şəkildə büruzə verməyə başlayır. Yuxarıda qeyd etdiyimiz əlamətlər xəstəliyin gedişatına uyğun olaraq dəyişir. Altsheymer xəstəliyi olan şəxslər günlük işlərini yerinə yetirməkdə çətinlik çəkərlər və getdikcə  kiminsə köməyinə ehtiyac hiss edirlər. Xəstələr də aqnoziya,  afaziya və s. kimi hallar özünü göstərir. Get-gedə xəstələr özlərini idarə edə bilməyəcək vəziyyətə çatırlar. Ən son halda isə adi hərəkətləri belə bacara bilmirlər. Xəstəliyin sonrakı dövrlərində fiziki güc itkisi, yemək qəbulunda çətinliyin olması səbəbi ilə yemək prosesin pozulması, öz müvazinətini saxlaya bilmədiklərinə görə tez-tez yıxılmaların olması və s.  kimi hallar baş verir. Xəstəlik əksər hallarda 65 yaş və ondan yuxarı yaşlarda və çox nadir hallarda isə daha aşağı yaşlarda özünü büruzə verməyə başlayar. Xəstəliyin risk faktorları içərisində başlıca yeri yaş faktoru tutur. Statistik məlumatlara əsasən belə bir nəticə əldə edilmişdir ki, hazır ki, dövrdə altsheymer xəstəliyi daha da artıb. Xəstəliyin yaranma səbəbləri hələ tam müəyyənləşdirilməyib, burada müxtəlif səbəblər ola bilər: genetik,  yaddaşın itməsi ilə nəticələnən kəllə-beyin travmaları və s. 

              Xəstəliyin müalicəsi

          Xəstəliyin dəqiq müalicə üsulu hələ də elmə məlum deyildir. Mövcud olan müalicə üsulları ya xəstəliyin davam etmə müddətini zəiflətmək yada ki, kəskin şəkildə özünü büruzə verən bəzi əlamətlərin kəskinliyini azaltmaq üçün  istifadə olunur. Bu cür xəstəlik zamanı  nə qədər tez diaqnoz qoyularsa və buna görə  düzgün müalicə üsulu seçilərsə,  bu zaman daha effektli bir nəticə əldə edilə bilər.

Altsheymer xəstələri və yaxınları üçün tövsiyələr

  Xəstələr üçün gündəlik plan tutulmalıdır. Çünki belə olduqda xəstə gündəlik işlərin müəyyən qədər xatırlaya bilir. Keçmiş xatirələr haqqında danışmaq lazımdır. Xəstənin hazırki anda mövcud olan bacarıqlarına uyğun ona müxtəlif kiçik-kiçik  tapşırıqlar vermək olar. Xəstə ilə onun diqqət, yaddaş, hafizəsi  üçün müxtəlif məşğələlər keçirmək lazımdır. Çalışmaq lazımdır ki, xəstəyə həmişə gördüyü işlərə uyğun  tapşırıqlar verilsin, yəni xəstəliyinə görə ona əlavə başqa tapşırıq verilə bilməz. Ailə üzvləri ilə, qohum və yaxın əhatəsi ilə bu xəstəlik barədə danışılmalıdır. Aparılan söhbətlər zamanı onlara bu xəstəlik, onun sonrakı gedişatı  haqqında ətraflı məlumat verilir. Hətta altsheymer xəstələrinin ailə üzvləri müxtəlif seminarlarda iştirak edə bilərlər. Bu cür seminarlarda onlar həm  xəstəlik, həm də  xəstə ilə davranış və qurulan münasibətlər haqqında müəyyən məlumat əldə edə bilərlər. Ümumiyyətlə,  xəstəyə münasibətdə həmişə səbrli olmaq lazımdır. Çalışmaq lazımdır ki, xəstəyə səmimi şəkildə yanaşılsın.



"