İradə Teymurova
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu
Bakı ş., H.Cavid pr.,115, indeks AZ 1073,
E-mail: irade.teymurrova@gmail.com
Açar sözlər:azərbaycançılıq, vətəndaş identikliyi, dövlət, vətən, vətəndaş, azərbaycanlı, ideologiya
Keywords:Azerbaijaniism, civil identity,state, homeland, citizen, azerbaijanian, ideologygence
Tarixən dövlət xalqın tarixi düşüncə tərzinə arxalanan ideologiyanın gücü ilə yaranır. Elə ideologiyanın ki, o, ayrı-ayrı adamların ürəyinə hakim kəsilən inam və təsəvvürlərin məcmusunu, özlərinin, ailələrinin, xalqının, vətəninin sabahı naminə onların arzu və diləklərini əks etdirir. Azərbaycan bütün dinlərin, inamların və etiqadların, türkalban, Kür–Araz–Fars, Skif və s. mədəniyyətlərinin, habelə digər mənəvi dəyərlərin sintezindən ibarət olub, böyük dünyamızın bütün atributlarını özündə birləşdirən bir dünyadır. Bu cür dərketmədən çıxış edərək demək olar ki, tarixi məkan kimi, Azərbaycanın əsas ideoloji müddəası da elə onun mənəvi mahiyyəti ilə müəyyənləşir.Elə bir mənəviyyatla ki, tarixən bu ərazidə yaşayan və buranı özləri üçün Vətən sayan etnik qrupların mənəvi və maddi irsi Azərbaycanın keçmişi, bu günü və gələcəyi fenomeninin mahiyyətini təşkil edir.
Problemə bu cür yanaşma vətəndaş identikliyi məfhumu və onun dövlət ideologiyası ilə qarşılıqlı əlaqəsi məsələsinin təhlilini zəruri edir. Vətəndaş cəmiyyəti quruculuğu dövlət ideologiyasının mövcudluğunu tələb edir, milli ideya dövlət ideologiyasının manevr imkanlarından səmərəli istifadə etməklə daha sabit, stabil və ədəbi dəyərlərin bazasında gerçək fakta çevrilir.Vətən ideyası, vətəndaşlıq ideyası, vətəndaş identikliyi və onun mahiyyəti, strukturunun dərk olunması –müasir ciddi düşüncənin obyekti məhz bunlardır. İnkişaf variantlarını aşkara çıxarmaqla müzakirəsi zəruri olanda məhz bu mövzudur.
Bu səbəbdən “azərbaycançılıq” ideyası və onun vətəndaş identikliyinin təşəkkül və formalaşmasındakı oynadığı rolun təhlili xüsusi aktuallıq qazanır. Bu ideyanın məzmunu ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən açılmış və bütün dünya azərbaycanlılarına ərməğan edilmişdir: “...Hər bir azərbaycanlı öz milli mən subiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı– Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ümummilli lider Heydər Əliyev ilk dəfə azərbaycançılıq ideyasını dövlətin strateji xətti olaraq irəli sürəndə bu ideyanın həqiqi böyük mənası çoxları üçün anlaşılmaz idi. Bugün də qismən belədir. Çünki bu ideya adi şüur səviyyəsində üzə çıxmayıb, yaxud deklarativ bir şüur olmayıb, dərin köklərə malik mükəmməl bir fəlsəfi konseptual sistemin ifadəsidir. Məqalənin məqsədi “azərbaycançılıq” ideyasının mahiyyətini açmaq və gənc nəslə çatdırmaqdır.
Azərbaycançılıq vətəndaş identikliyinin inkişaf modeli kimi. Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları adlı kitabda gostərilir: “Azərbaycan dövlə tinə mənsub olan, onunla siyasi və hü quqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır. Vətəndaşla dövlət arasında hüquqi əlaqə daimi dir. Əcnəbilər və vətəndaşlığı olma yan şəxslər isə yalnız müvəqqəti hü quqi əlaqədə olur. Dövlət həm əcnə biləri, həm də vətəndaşları müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Deməli, vətəndaşlıq dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür.
Vətəndaş identikliyi, vətəndaş cəmiyyətinə kollektiv subyekt olaraq davranmaq imkanı verən müəyyən dövlətin vətəndaş cəmiyyətinə individual aid olma hissidir. Vətəndaş identikliyi fərdin özünü bu və ya digər dövlətə mənsub olmasını dərk etməsi və duyması, həmçinin özünü müəyyən dövlətin vətəndaşları ilə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır. Vətəndaş identikliyinin təşəkkülünü başadüşmək üçün onun struktur hissələrini nəzərdən keçirmək lazımdır. Vətəndaş identikliyi tərkibcə bir-biri ilə bağlı üç komponentdən ibarətdir: 1) koqnitiv, 2) affektiv, 3) davranış. Koqnitiv komponent özündə şəxsin dövlətlə əlaqəsi, bağlılığı haqqında bilikləri, təsəvvürləri ehtiva edir. Bu təsəvvürlərin, biliklərin düzgün dərk olunması olduqca mühümdür. Emosional (affektiv) komponent fərdin öz dövlətinə olan duyğu, emosiya və hisslərini əks etdirir. Davranış komponenti isə fərdin özünün eyniləşdirdiyi dövlətə münasibətdə reallaşdıracağı hərəkətlərə hazırlığı formalaşdırır.
Professor Rəna Qədirova “Milli və vətəndaşlıq identikliyinin tədqiqi istiqamətləri” adlı məqaləsində yazır: “Vətəndaş identikliyi anlayışının izahı zamanı iki mühüm aspekti fərqləndirmək mümkündür. Birinci halda, fərd üçün böyük əhəmiyyətə malik olan bu və ya digər dövlətin və təndaş cəmiyyətinə mənsubluğunun dərk edilməsi nəzərdə tutulur. Fərdi –kollektiv subyekt kimi səciyyələndirilən ikinci aspekt bir bütöv–tam və kollektiv subyekt kimi qəbul edilən, ortaq cəhətlərinə görə birləşmiş insan kütlələri ilə qarşılaşdırılan vətəndaş cəmiyyətinin mövcudluğu və inkişafının səciyyəvi cəhətləri ilə əlaqədardır. Vətəndaş cəmiyyətinin kollektiv subyektivliyinin yaranması və mövcud olması amilləri arasında sözü gedən cəmiyyətdə emosional vəziyyətlərin, xüsusilə real siyasi hərəkatlarla əlaqədar olan vəziyyətlərin birgə yaşanması xüsusi əhəmiyyət kəsb edir”.
Bu amillər sırasında ideologiyanın rolunu xüsusi vurğulamaq lazımdır. Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov “İdeologiya anlayışının mahiyyəti” adlı məqaləsində yazır: “İdeologiyada səfərbəredici xarakter daşıyan, ictimai fəallığı idarə edən, dəyər yönümləri sistemi təsbit olunur. Buna müvafiq olaraq ideologiyada milli şüurla bağlı olan dəyərlər təcəssümünü tapır. İdeologiyanın şəxsiy yətin siyasi sosiallaşmasında böyük əhəmiyyəti vardır. Bu mənada, ideologiya sosial-siyasi dünyagörüşü kimi də çıxış edir. İdeologiya insana bir ictimai varlıq kimi baxmaqla səfərbəredici potensial yaradır”.
Tarixən dövlət, həm xalqın tarixi düşüncə tərzinə arxalanan fəlsəfənin gücü ilə yaranır, həm də siyasi ideyanı bir məcraya yönəldir. İslam dövlətçiliyi də belə qurulub, xristian dövlətçiliyi də. Biri müqəddəs Qurana, digəri İncilə əsaslanıb. Müasir Azərbaycan dövlətinə də məhz xalqın ürəyindən gələn, düşüncə tərzinə arxalanan fəlsəfə lazımdır. Bu “Azərbaycançılıq” fəlsəfəsidir. İnsanları birləşdirən bir çox amillər var: dil birliyi, mənşə birliyi və s., lakin bunların arasında ən sıx, ən yaxşı və doğma birlik eyni vətəndaş cəmiyyətinə mənsubluğun gücü ilə yaranan birlikdir. Siseronun sözləri ilə desək: “Vətən – ümumi bağlılığı, yalnız o özündə cəmləşdirir”.
Azərbaycançılıq hər şeydən əvvəl bir məfkurədir. Demokratik prinsipləri, insanın hüquq və azadlıqlarını rəhbər tutan dövlətlər birliyinə qoşulmazdan əvvəl özünü dərk etməyə çalışan, Avropa Şürasına, Millətlər Məclisinə öz simasında daxil olmaq istəyən bir millətin məfkurəsidir. Bu məfkurə təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, təkcə Azərbaycan dövlətinin maraqlarını deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını ifadə edir. Eyni zamanda bütün azərbaycanlılar harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, rəsmi vətənləri ilə yanaşı, həm də özünün mədəni-mənəvi Vətəni olan Azərbaycanı düşünür, onun nüfuzunu uca tuturlar. Bundan əlavə, milliyyətcə azərbaycanlı olmasa da, bir neçə nəsl Azərbaycanda yaşamış və Azərbaycanı özlərinin tarixi vətəni hesab edən insanlar, xristian, yaxud yəhudi olmalarına, başqa millətin nümayəndəsi olmalarına baxmayaraq, Azərbaycan Respublikasının maraqlarına xidmət etməklə və ümumi Azərbaycan mədəniyyətinə qatılmaqla azərbaycançılıq məfkurəsinin iştirakçısı və təbliğatçısı olurlar. Azərbaycançılıq milli mündəricədən kənara çıxan, millilik və ümum bəşəriliyin vəhdətindən çıxış edən bir məfkurədir. Müstəqil Azərbaycan Respublikasının mövcudluğu xaricdə yaşayan azərbaycanlılara öz lokal mədəni mənəvi mühitlərini Böyük Vətən hesabına müntəzəm surətdə akkumulyasiya etmək imkanı verir. Artıq neçə yüzillik birgə yaşayış, birgə təsərrüfat fəaliyyəti Azərbaycan xalqının təkcə milli-siyasi müstəvidə deyil, həm də milli-etnik müstəvidə bir tam halında millətləşmə yolunu keçdiyini göstərir. Dövlət qayğısını sözdə yox, əməli işdə görən, Azərbaycanı özünün qeydiyyat məkanı deyil, Vətəni sayan, özünün dininə, dilinə, milli mənsubiyyətinə, ədəbiyyat və mədəniyyətinə, adət-ənənəsinə hörmət və ehtiramın şahidi olan milli azlıqlar “azərbaycançılıq” idealı ətrafında daha sıx birləşdilər. Təsadüfi deyil ki, Qarabağ müharibəsində Müqəddəs Vətən torpağı naminə döyüşlərə gedərək ölümün gözünə dik baxanların və şəhidliyi özlərinə şərəf bi lən lərin hamısı – “azərbaycanlı”lar idi. Onları bir-birindən etnik amillər, dini etiqad fərqləndirsə də, “azərbaycançılıq” birləşdirirdi. Belə birliyə isə yalnız ümummilli lider Heydər Əlirza oğlunun müdrikcəsinə dediyi aşağıdakı ideyanı gerçəkləşdirməklə nail olmaq mümkündür: “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”. Bizi bir-birimizə bağlayan ideal yaxınlığı, mənəvi-əxlaqi prinsiplərdir. Möhtərəm prezidentimiz demişkən, “azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
“Dünyada nə qədər azərbaycanlı var?” sualına müxtəlif cavablar vermək mümkündür. Amma ən doğru cavab budur ki, dünyadakı azərbaycanlıların sayı Azərbaycanı müqəddəs Vətən sayanların sayı qədərdir.
Daha çox sinkretik, intellektual mədəniyyətlərin və dinin digər mənəvi laylarının, müxtəlifliyinin bütün mənəvi çalarlarını özündə cəmləşdirən vətəndaş hüquqları və azadlıqları barədə təlim kimi Azərbaycançılıq aşağıdakı prinsipləri elan edir:
–insan dünyaya gəldiyi gündən hüquq və azadlıqlar ona məxsusdur. Hər bir bəşər övladının yaşamaq hüququ vardır və heç kəs onu bu hüquqdan məhrum edə bilməz;
–məhkəmə və qanun qarşısında hamı bərabərdir;
–dövlət sosial milli mənsubiyyətindən, dini əqidəsindən, yaşadığı yerdən asılı olmayaraq ümumi bərabərlik və azadlıqların qorunmasına zəmanət verir;
–hər bir adamım azadlıq və şəxsi şəxsi toxunulmazlıq hüququ vardır. Lakin bu hüquqlar konstitusiyalı quruluşu qoruyan qanunla məhdudlaşdırıla bilər;
–vətəndaşların seçib-seçilmək hüququ, habelə səs verdiyi deputatlar vasitəsilə dövlətin siyasi idarə olunmasında fəal surətdə iştirak etmək hüququ vardır;
–hər bir vətəndaşın öz milliyyətini, dini münasibətini müəyyənləşdirmək hüququ vardır;
–vətəndaşların mülkiyyət hüququ, habelə həmin mülkiyyətin varislik hüququnun qorunmasına dövlət qanunları ilə təminat verilir;
–hər bir vətəndaşın əmək, fikir, və söz azadlığı hüququ, həmçinin müstəqil, azad surətdə peşə və ixtisas seçmək hüququ vardır;
–hər bir vətəndaşın mənzili toxunulmazdır;
–hər bir vətəndaşın öz dilində danışmaq və həmin dildə təhsil almaq hüququ vardır;
–hər bir vətəndaşın tibbi yardım, təhsil almaq, vəkil yardımı da daxil olmaqla hüquqi məsləhətdən istifadə etmək hüququ vardır;
–vətəndaşların hüquq və azadlığının müdafiəsi qanunla təmin olunur;
–demokratik cəmiyyətin qanunu Azərbaycan Respublikası vətəndaşlarının bütün hüquq və azad lıqlarının meyarıdır. Beləliklə, Azərbaycançılıq təliminin mahiyyəti aşağıdakılardan ibarətdir: Qəbul olunmuş qanunvericiliyə müvafiq olaraq tarixən dövlət kimi qərarlaşan, bu ərazidə yaşayan hər bir adam irqindən, cinsindən, milliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunur və demokratik dövlətin bütün hüquqlarından istifadə edir. Dünya dinlərinin yüksək mədəniyyətinin mənəvi varisliyini özündə cəmləşdirən çox milyonlu sakinlərdən biri kimi azad respublikanın hər bir vətəndaşı öz mənəviyyatını Azərbaycan iftixarından ayırmır. Hər kəs öz şəxsi mənafeyi naminə bu suverenliyə, mənəvi bağlılığa, dostluğa xələl gətirərsə, Azərbaycanın şərəfini alçaldarsa, ona bu məmləkətdə yer yoxdur.
NƏTİCƏ: Milli-dövlət ideologiyası kimi “azərbaycançılıq” bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Özünü dərk etməyən xalqın Vətən idealı ola bilməz. Torpaq, ərazi o zaman vətənə çevrilir ki, o milli ideyanın maddi təzahürlərinə çevrilmiş olsun. “Azərbaycançılıq” ideologiyası xalqımızın əzab-əziyyətlə qazandığı tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, bölünməz, vahid Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çox əsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir. O, Azərbaycan xalqının dövlət yaradıcı mənafelərinin ümumiliyidir. Bu halda ki, qədim mədəniyyət qaynaqlarından və tarixdən gələn ənənələrə mənsubluq bütün həmvətənlərimizin rifahı naminə dövlətin mövcud olmasının əsasını təşkil edir, deməli, bu dövlət mənafelərinin mexaniki məcmusu deyil, əksinə, ümumi mənafelərin təcəssümüdür. O mənafelərin ki, vətəndaşlar bunların naminə nəinki öz mülkiyyətini, həm də həyatlarını qurban verməyi bacarmalıdırlar.
Ədəbiyyat:
1. Əsgərov Z., Nəsirov E., İsmayılov M. Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları. Bakı: 2005.
2. Xəlilov S. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi. Bakı: 2002.
3. Mehdiyev R. Tarixi idrakın elmi li yi problemlərinə dair. Bakı: 2013.
4. Mustafayev R. Azərbaycan döv lət çiliyi. Bakı: 1995 (2014).
5. Orucov. H. Heydər Əliyev və Azər baycanda milli siyasət. Tbilisi: 2003.
6. Piriyev A. Siyasi strategiya və milli təhlükəsizlik. Bakı: 2005.
7. Qədirova R., Babayeva T. Milli və vətəndaşlıq identikliyinin təd qiqi istiqamətləri. // Psixologiya Jurnalı, №2, 2016.
8. https: // ru.m. wikipedia. org/wiki
9. https: // sesqazeti.az/news/mia/ 192873.htm
AZERBAIJANIISM AS A BASIS FOR THE FORMATION OF CIVIL IDENTITY
Iradə Teymurova
ABSTRACT
Building a civil society requires the existence of a state ideology, the national idea becomes a real fact on the basis of more sustainable, stable and literary values by effectively using the maneuvering opportunities of the state ideology. The idea of the homeland, the idea of citizenship, the idea of the republic are the objects of modern serious thinking.This is the topic that needs to be discussed by identifying development options. For this reason the analysis of the idea of “azerbaijaniism” and its role in the development and formation of a commoncivil identity are especially relevant. AMEA, Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür (protokol №3). Rəyçi Ə.H.Əlizadə, psixologiya elmləri doktoru, professor Məqalə redaksiyaya 12 yanvar 2022-ci ildə daxil olmuşdur.
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)