Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev trend.az-a Prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb


Fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Bu seçkilər ilk dəfədir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin edildikdən sonra keçirilir. Bugünkü tarixi seçkiyə gedən yolu 30 ilə qət etdi Azərbaycan xalqı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə başladığı uğurlu siyasət nəticəsində. Ümummilli Lider Heydər Əliyevin siyasəti Azərbaycan xalqının xoşbəxt, firavan və təhlükəsiz həyatının təmin edilməsinə yönəlmiş praqmatik siyasətdir.
Bu fikirləri Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
O qeyd edib ki, alternativi olmayan bu siyasətin davam etdirilməsi müstəqilliyini yenidən əldə etmiş Azərbaycan dövləti üçün taleyüklü məsələ idi. Dövlətin möhkəmlənməsində, ələlxüsus da yeni qurulan milli dövlətin təşəkkülündə siyasi varislik həlledici amildir.
"Çünki Azərbaycan 1991-1993-cü illərdə bu problemi yaşamışdı və onun ağır nəticələrini görmüşdü. Azərbaycan xalqı tarixin bu acılarını unutmamışdı və Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdaraq həm qardaş qırğının, həm də dövlətçiliyin məhv olmasının qarşısını xalqla birlikdə necə aldığını yaxşı bilirdi. Bu baxımdan 2003-cü il Prezident seçkiləri dövlətimiz üçün növbəti tarixi sınaq dövrü idi desək, qətiyyən yanılmarıq. Bütün bu təhlükələrin qarşısını ala biləcək, xalqı öz ətrafında sıx birləşdirərək milli maraqları, dövlətçiliyi qoruyub inamla inkişaf etdirərək işıqlı gələcəyə doğru irəli aparacaq siyasi liderin meydana çıxması və bu məsuliyyəti çiyinlərinə götürməsi zamanın tarixi zərurəti idi.
Məhz tarixin həlledici məqamında Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin xalqımızın xoşbəxt gələcəyinə yönəlmiş siya­sə­tini davam və inkişaf etdirən görkəmli dövlət xadimi cə­nab İlham Əliyevə sonsuz inamını və etimadını ifadə edərək 2003-cü ildə onu ölkənin Prezidenti seçdi. Bu, xalqın Ulu Öndərin siyasətinə sədaqətinin və iradəsinin təntənəsi idi.
Əgər cənab İlham Əliyevin Prezident seçkilərində Azərbaycan xalqının ona verdiyi dəstəyin dinamikasına nəzər yetirsək, onda görərik ki, hər növbəti seçkidə İlham Əliyev daha çox səs qazanıb və xalqın vahid Milli Lideridir. 2003-cü il oktyabrın 15-də Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Sonuncu Prezident seçkilərində 86,02 faiz xalqın səsini qazanmaq o deməkdir ki, Azərbaycan xalqının müasir, qüdrətli Azərbaycan dövlətinin qurucusu Prezident İlham Əliyevə xalqın inam və etimadı sonsuzdur, sarsılmazdır! O, bu ümumxalq məhəbbətini xalqı və dövləti qarşısında göstərdiyi misilsiz tarixi xidmətlərə görə qazanıbdır.
İlham Əliyev Prezident seçildikdən sonra 2004-cü ildə demişdi: “Heydər Əliyevin ideyaları yaşayır. Heydər Əliyevin fəlsəfəsi, siyasəti yaşayır. Biz hamımız bu siyasətə sadiqik. Biz hamımız bu siyasəti davam etdirməliyik. Azərbaycanı gücləndirməliyik, Heydər Əliyevin yo­lu ilə irəliyə aparmalıyıq. Mən əminəm ki, biz buna nail ola­ca­ğıq”.
20 illik Prezidentliyi dövründə İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
İlham Əliyev 2003-cü il Prezident seçkilərində çox böyük səs çoxluğu ilə xalqın inam etimadını qazandığını bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti kimi 20 illik fəaliyyəti dövründə cənab İlham Əliyevin milli maraqlarımıza xidmət edən balanslaşdırılmış xarici və daxili siyasəti, siyasi-iqtisadi islahatları nəticəsində əldə edilən tarixi nailiyyətlər milli dövlətçiliyi möhkəmləndirdi, dövlətimizin siyasi-iqtisadi qüdrətini artırdı və güclü Milli Ordu quruculuğunun uğurla başa çatdırılmasını təmin etdi", - deyə o, əlavə edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev 2004-cü ildə regionların inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramı, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının formalaşdırılması, yeni texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması və digər tədbirlər qısa müddətdə öz bəhrəsini verdi:
"Təkcə onu qeyd etmək kifayətdir ki, 2006-cı ildə real ÜDM-nin 32.5 % artım surətinə görə Azərbaycan dünyada birinci yerə yüksəldi. Əlbəttə, bu iqtisadi inkişaf möcüzəsi dünya ölkələrinin həmin dövrdə müzakirə etdiyi əsas mövzu idi. Bu başlanğıc idi və Prezident İlham Əliyevin uğurlu inkişaf konsepsiyası imkan verdi ki, 2003-cü ildəki təqribən 3 milyardlıq dövlət büdcəsi 2023-cü ildə təqribən 38 milyardlıq Qələbə büdcəsinə çatdırılsın. Bu da bir möcüzədir, amma elmi əsaslara söykənən düzgün idarəetmənin nəticəsi kimi təzahür edən möcüzə. Çünki “COVİD-19” pandemiyası şəraitində dünya iqtisadiyyatının ciddi böhranla üzləşdiyi, dünya ölkələrinin borclandığı bir dövrdə işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində 20% torpaqlarını işğaldan azad etmək üçün ədalət uğrunda müharibə aparan Azərbaycan dövlətinin büdcəsi azalmalı idi. Amma İlham Əliyevin yeni idarəetmə modeli ən böhranlı dövrdə belə iqtisadi inkişafı təmin etdi.
Prezident İlham Əliyevin milli maraqlara köklənmiş balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan Respublikası qısa müddət ərzində beynəlxalq münasibətlər sistemində nüfuzunu artırdı və dünya düzənində güclü siyasi aktora çevirdi. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisi idi. Eyni zamanda, Azərbaycan 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə yeni təşəbbüslər irəli sürülmüş, təşkilatın dünyada baş verən proseslərin idarə edilməsində və dizaynında rolu əhəmiyyətli dərəcədə artmışdır.
İlham Əliyevin xarici siyasət strategiyası həm də regionun siyasi statusunu artırmaq, yeni reallıqlar yaratmaq, Qarabağ probleminin həllinə nail olmaq və aparıcı siyasi-iqtisadi güc mərkəzinin yaradılmasına nail olmaq idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi layihələr müstəvisində yaradılan əməkdaşlıq platformaları qonşu ölkələr arasında daha etibarlı münasibətlərin bərqərar olmasını və regionun investisiya cəlbediciliyinin artmasını təmin etdi. Azərbaycanın uğurla gerçəkləşdirdiyi ikitərəfli və üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı, həm də nəqliyyat, enerji, təhlükəsizlik, ticarət və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionun qlobal geosiyasi xəritəsində yeni statusunu müəyyən etdi.
Azərbaycanın həyata keçirdiyi böyük iqtisadi layihələr ölkəmizin həm də müasir dünyanın iqtisadi həyatında həlledici rola malik nəhəng nəqliyyat xablarından birinə çevirdi. “Şərq-Qərb nəqliyyat dəhlizi” tranzit yükdaşıma baxımından ən səmərəli və işlək nəqliyyat sistemidir. Bununla yanaşı, Azərbaycan yeni nəqliyyat dəhlizlərinin yaradılmasında fəal rol oynayır ki, bu da ölkənin iqtisadi inkişafını şərtləndirən əsas amillərdəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Xarici ekspetlərin də qeyd etdikləri kimi, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan Respublikası bu gün beynəlxalq aləmdə siyasi sabitlik, əmin-amanlıq, tərəqqi, tolerantlıq nümunəsi və məkanıdır.
Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edirdi ki, bizim əsas hədəfimiz, həll etməli olduğumuz məsələ ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsidir və bütün qərarlarımız, həyata keçirdiyimiz tədbirlər bu taleyüklü problemin həll edilməsinə yönəlibdir. Ona görə də xarici siyasət, iqtisadi inkişafla yanaşı müasir ordu quruculuğu da sürətlə həyata keçirilirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən etibarən planlı və ardıcıl şəkildə görülmüş işlər nəticəsində dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Azərbaycan Silahlı Qüvvələri yenidən qurulan hərbi sənaye kompleksinin istehsal etdiyi müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və atıcı silahlarla təchiz edilir. Bütün bunlar tarixi Zəfəri təmin etmək üçün həyata keçirilən islahatların tərkib hissə idi.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanda erməni separatizminin kökünü birdəfəlik kəsdi, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi əbədi olaraq bərpa edildi.
Prezident İlham Əliyev Qalib sərkərdədir. Rəşadətli Ordusu ilə 44 günlük Vətən müharibəsində erməni miflərini darmadağın etdi. Və bütün dünyaya göstərdi ki, əsil qəhrəman Ordu, igid əsgər və zabit sıldırım qayalardan qalxaraq doğma Qalanı – Şuşanı azad edən və 8 Noyabr Zəfər tarixini yazan azərbaycanlı qəhrəmanlardır. Ermənilərin isə tarixən nə dövləti, nə ordusu, nə də qəhrəman döyüşçüsü olmamışdır.
Qarabağı döyüş meydanında igidliklə vuruşaraq azad edən, bu tarixi ədalət zəfərini qazanan xalqa, azərbaycanlı gənclərə milli maraqlara zidd olan heç nəyi qəbul etdirmək mümkün deyil. Dünya hərb tarixində yeni səhifə yazmış Müzəffər Ali Baş Komandan xalqı Dəmir yumruq kimi elə birləşdirib ki, Azərbaycana xor baxanların başını yerindəcə əzməyə hazırdır!
Prezident İlham Əliyev xalqı öz ətrafında birləşdirməyə, vətəndaş həmrəyliyini təmin etməyə nail olaraq, ardıcıl siyasi, iqtisadi və sosial islahatları həyata keçirməyə və davamlı, dayanıqlı iqtisadi inkişafa nail olmuş, Qarabağın Ermənistan tərəfindən 30 ilə yaxın işğalına birdəfəlik siyasət və döyüş meydanında son qoymuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycan Respublikası regionda yeni geosiyasi reallıq yaratmış və bu reallığa uyğun olaraq yeni siyasi və iqtisadi münasibətlərin qurulmasında həlledici rol oynayır.
COVİD-19 pandemiyasına, 44 günlük Vətən müharibəsinə rəğmən ölkənin iqtisadi inkişafı təmin edildi. Əhalinin sosial müdafiəsi, sağlamlığı, təhlükəsizliyi və ölkənin müdafiə qüdrəti təmin edildi.
Prezident İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikası qaz idxal edən ölkədən qaz ixrac edən ölkə, kredit alan dövlətdən kredit verən dövlət kimi inkişaf etmiş, Avropanın və bölgənin enerji təhlükəsizliyində mühüm rol oynayan, siyasi qərarların və nəhəng regional layihələrin hazırlanmasında və gerçəkləşdirilməsində söz sahibinə malik müstəqil siyasəti olan siyasi aktordur.
Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolunun ilkin müqayisəli təhlili göstərir ki, dövlətin ardıcıl olaraq həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bir tərəfdən ölkənin dayanıqlı və davamlı inkişafı təmin edilir, digər tərəfdən isə dövlətin və əhalinin ahəngdar həyat fəaliyyətinin neft sektorundan asılılığı aradan qaldırılır.
Həyat göstərdi ki, Prezident İlham Əliyevin genişmiqyaslı islahatların həyata keçirilməsini təmin edən siyasi iradəsi, düşünülmüş yeni iqtisadi inkişaf modeli və innovativ, çevik idarəetmə sistemi qarşıya qoyulan hədəflərə çatmağı təmin etmişdir.
Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında minilliyin çağırışlarına cavab verən müasir Azərbaycan dövlətini möhkəmləndirir. Azərbaycan hüquqi, demokratik dövlətdir, əsas insan hüquq və azadlıqları tam təmin edilmişdir. Azərbaycan Respublikası demokratik inkişaf yolunda inamla irəliyə doğru addımlayır. Və hər kəs birdəfəlik anlamalıdır ki, Azərbaycanın milli maraqlarına, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönələn hər hansı bir hərəkətə dərhal qətiyyətlə adekvat cavab veriləcək.
Prezident İlham Əliyev ən müasir Azərbaycan dövləti quruculuğunun yeni mərhələsini həyata keçirir. Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərlə onlar üçün tikilmiş yeni şəhərcik və qəsəbələrdə görüşərkən deyirdi ki, bütün bunları sizin yaxşı, rahat yaşamağınız üçün edirik. Amma bundan da gözəl şəhər və qəsəbələri torpaqlarımızı Ermənistanın işğalından azad etdikdən sonra tikəcəyik və biz bunu hökmən edəcəyik. I Böyük Qayıdış Proqramının təsdiq edilməsi və işğaldan azad edilmiş ərazilərin sürətlə ən yeni texnologiyalar-“Ağıllı şəhər”, “Ağıllı kənd” layihəsi əsasında yenidən qurulması bunun bariz nümunəsidir. Hal-hazırda beş yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıtmışlar və onlar gözəl və rahat evlərində doğma diyarın dirçəldilməsində fəal iştirak edirlər. 2026-cı ilə 140.000 keçmiş məcburi köçkün yenidən qurulmuş və cənnətə çevrilən Qarabağa və Şərqi Zəngəzura doğma yurdlara qayıdacaq, yeni həyata başlayacaq. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan xalqı öz taleyinin sahibidir və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu inkişafda israrlıdır. Qarşıya qoyulan bütün vəzifələr bundan sonra da uğurla həll ediləcəkdir. Öz Milli Lideri-Qalib Sərkərdə İlham Əliyev ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının siyasi iradəsi sarsılmazdır!
Prezident İlham Əliyev fəaliyyəti dövründə qarşıya qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirmiş, Azərbaycan dövlətinin ən yeni tarixinin Şərəf və Zəfər tarixini yazmışdır! Hər bir azərbaycanlı öz Prezidenti ilə qürur duyur!
Əminəm ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində müasir qüdrətli Azərbaycanın qurucusu görkəmli dövlət xadimi cənab İlham Əliyevə hər bir azərbaycanlı səs verəcək və dövlətimiz onun rəhbərliyi ilə Böyük İntibah dövrünə qədəm qoyaraq yeni möhtəşəm uğurlar qazanacaq!"

"