Elnarə İbrahim qızı Şəfiyeva

Psixologiya elmləri doktoru, professor Elnarə İbrahim qızı Şəfiyeva orta təhsilini başa vurduqdan sonra 1979-cu ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsinə daxil olmuş və 1984-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa vuraraq vətənə qayıtmış və indiki Azərbaycan Respublikası Milii Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Bakı Dövlət Universitetinin psixologiya kafedrasında əmək fəaliyyətini davam etdirməyə başlayan E.İ.Şəfiyeva 1993-1997-ci illərdə baş müəllim, 1997-ci ildən sonra dosent vəzifəsində çalışmağa başlamışdır.
Əmək fəaliyyətini davam etdirməklə yanaşı, elmi sahəsində də ciddi axtarışlara qoşulan E.İ.Şəfiyeva 1990-cı ildə Moskva Dövlət Universitetinin psixologiya fakültəsi nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış Elmi Şurada “Beyinin lokal zədəsi olan xəstələrin emosional –şəxsiyyət sferasının pozulması” mövzusunda (19.00.04-klinik psixologiya ixtisası üzrə) namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək psixologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1998-2013-cü illərdə dosent vəzifəsində çalışmışdır.
E.Şəfiyeva 2008-ci ildə Bakı Dövlət Universiteti nəzdində birdəfəlik yaradılan ixtisasartırılmış Elmi Şurada “Zabit hazırlığının sosial-psixoloji problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi, 2014-cü ildə isə professor elmi adını almışdır.
Professor E.İ.Şəfiyeva öz tədqiqatları ilə respublikamızda patopsixologiya və hərbi psixologiya sahəsində yeni elmi istiqamətin başlanğıcını qoymuşdur.
Məhsuldar tədqiqatçı, psixoloq E.İ.Şəfiyeva 120-yə qədər elmi əsərin müəllifidir. Onlardan (Zabit hazırlığın sosial-psixoloji məsələləri. B.2006, Zabit hazırlığında sosial-psixoloji treninqlərin tətbiqi. B.,2006) kimi dəyərli monoqrafiyalar, Psixofiziologiya (M.Həmzəyevlə birlikdə B.,1998), Klinik psixologiya (B.,2002). Uşaqlarda anomal inkişaf (B.,1997), Somatik xəstəliklərin klinikasının psixoloji problemləri (B.,2013), Klinik –psixoloji diaqnostika metodları (B.,2013) kimi dərslik və dərs vəsaitləri gənc mütəxəssislərin hazırlığında xüsusi əhəmiyyət kəsb edən mənbələrdir.
Professor R.İ.Şəfiyevanın müəllifliyi ilə 2012-ci ildə çap olunmuş “Anomal inkişafın psixologiyası” adlı irihəcmli dərslik klinist psixoloq kadrların hazırlığında müstəsna dərəcədə dəyərləndirilən mənbələrdən biridir. O, onlarla müxtəlif fənn proqramının, çoxsaylı respublika və beynəlxalq elmi konfransların iştirakçısı olmuş bir sıra layihələrin hazırlanmasında fəal iştirak etmişdir.
E.İ.Şəfiyevanın beynin lokal zədəsi olan xəstələrin emosional şəxsiyyət sferasının pozulmasını öyrənmək üçün tərtib etdiyi metodikalar N.N.Burdenko adına Moskva Nevrocərrahiyyə İnstitutundakı neyropsixoligiya laboratoriyasında diaqnostika məqsədilə tətbiq edilir. Bu metodikalar nevropsixoloji diaqnostikada mütəxəssislərin istifadəsi üçün dərc olunmuş «Нейропсихологическая диaгностика» adlı 2 hissədən ibarət xüsusi albomda verilmişdir.
Onun Azərbaycanda zabit hazırlığının sosial–psixoloji problemləri ilə bağlı hərbi psixologiya üzrə tədqiqatları müstəqil Azərbaycanda yüksək ixtisaslı hərbçi kadrların hazırlığına dəyərli töhfədir. Professor E.İ.Şəfiyevanın bu sahədə tədqiqatlarında zabit hazırlığının 6 komponentli şəxsiyyət konsepsiyasına əsaslanan yeni sistemi təklif edilmişdir. Professor E.İ.Şəfiyeva Bakı Dövlət Universitetində fəaliyyət göstərən FD.02.014 Dissertasiya Şurasının üzvüdür.


"