Kin tutmaq

Sizə kimsə pislik etdiyi halda o adam düşməninizə çevrilir və ona kin güdməyə başlayırsınız. Kinin insanı içdən - içə yediyini bilirsiniz, amma düşməninizin ağız-burnunu qırma xəyalları da sizdən əl çəkmir. Kininizi canlı tutan da budur. Birinə qəzəb hiss etdiyinizdə fantaziyanızda şiddətli xəyallar yaranır. Bu hər adamda fərqli ola bilər. Kimsə həmin adamı əzişdirmək istəyər, kimsə də onu hər kəsə rəzil etmək. Bunları düşünəndə görüntülər film kimi gözünüzün önünə gəlir. Və bəzən illərlə bir insana kin güdərək, onu hər xatırladığınızda əsəbləşərək özünüzə zülm edərsiniz. Bəli, bəli, həmin insanın sizə etdiklərinin on qatını siz özünüzə edirsiniz. Yüksək adrenalin ifrazına və təzyiqinizin qalxmasına siz səbəb olursunuz. Buna heç ehtiyac yoxdur. Bəs yaxşı bunu necə durdurmaq olar? 
Yumor çox güclü bir vasitədir. İndi siz sizə pislik edən və hələ də sizin əsəbi olduğunuz adamı ağlınıza gətirin. O əclafın üzü gözünüzün önünə gəldimi?  İndi, onun sadəcə uşaq pampersləri ilə tarqovuda qaçdığını xəyal edin. Bütün detallar gözünüzün önünə gəlsin. Həmin adamın çiyinləri və tüklü ayaqları. Üstəlik də, pampers geyinib və tarqovuda qaçır. Aaa, o üzünüzə yayılan gülümsəmədi? 
Fuad Əsədov

"