ŞƏXSİYYƏT POZUNTULARI

İnsanlar bir-biriləri ilə ünsiyyət qurmaq istədiyi zaman, çalışırlar ki, münasibətdə olduqları insanın xarakterinə uyğun davransınlar. Belə olduğu halda insanlar uzun müddət bu münasibəti qoruyub saxlaya bilir, əks halda isə bu münasibətləri saxlaya bilmirlər. Biz öz fikir və hisslərimizi  insanlarla qurduğumuz ünsiyyət və rəftarda bildiririk. Şəxsiyyət pozuntuları zamanı isə mövcud olan xəstəlik əlamətlərinə görə şəxs ictimai mühitə uyğunlaşa bilmir. Xəstələrdə mütəmadi olaraq, qeyri-adekvat davranışlar özünü göstərir. Bəziləri aqressiv, bəziləri təşvişli, bəziləri heç kəsə etibar etmirlər, amma hamısının  norma xaricində olduğu görülür. Bu cür davranışlara meyilli olan şəxslərin cinayətə, alkoqol içkilərin qəbuluna, intihara daha çox meyil etdiyi görülür. Xəstəliyin tam səbəbi müəyyən olunmamışdır, burada əsas genetik, sosial və psixoloji faktorlar fərqləndirilir. DSM-IV-TR (Diagnostic and Statistical Manual of Mental Disorders, 2000) təsnifatına əsasən şəxsiyyət pozuntularının aşağıdakı növləri vardır:

  • Paranoid tip şəxsiyyət pozuntusu  
  • Şizoid tip şəxsiyyət pozuntusu
  • Şizotipal tip şəxsiyyət pozuntusu
  • Antisosial tip şəxsiyyət pozuntusu
  • Sərhəd tip şəxsiyyət pozuntusu
  • İsterik tip şəxsiyyət pozuntusu
  • Narsistik tip şəxsiyyət pozuntusu
  • Təşvişli tip şəxsiyyət pozuntusu
  • Asılı tip şəxsiyyət pozuntusu
  • Obsessiv-kompulsiv tip şəxsiyyət pozuntusu
  • Passiv-aqressiv tip şəxsiyyət pozuntusu

Paranoid tip şəxsiyət pozuntusu

         Paranoid tip şəxsiyyət pozuntusu olan şəxslər tez-tez başqa insanların onlara qarşı pis niyyətdə olduqlarını fikirləşir, başqa insanlara etibar edə bilmirlər və çox vaxt özlərində ətrafdakılara qarşı düşmənçilik hissi oyadırlar. Tez-tez təkrarlanan narahatçılıq hissi keçirirlər. Hər hansı bir inanca və düşüncəyə bağlı olub, başqaları haqqında çox fikirləşməzlər. Çox vaxt gərgin olurlar, əyləncələrə üstünlük verməyi sevməzlər. Başqa şəxslərə qarşı yaxınlıq və etibarlılıq hiss etmirlər. Paranoid tip şəxsiyyət pozuntusu olan şəxslər kifayət qədər əsas olmadan onlara qarşı kiminsə ziyan vuracağını fikirləşirlər. Paranoid tip şəxsiyyət pozuntusunun yaranmasında  genetik bir səbəb olduğu deyilir, amma bu tam dəqiq diaqnoz deyildir. Əksər  hallarda  bu tip şəxsiyyət pozuntusu olan insanların uşaqlıq dövründə ailədaxili problemlərinin olduğu bildirilir.

Şizoid tip şəxsiyyət pozuntusu

Şizoid tip şəxsiyyət  pozuntusu olan şəxslər başqalarına ehtiyac hiss etmədən tək başına qalmağa üstünlük verirlər. Onlara verilən suallara qısa konkret cavab verir, çox ünsiyyətdə olmağı xoşlamırlar. Şizoid tip şəxsiyyət pozuntusu olan şəxslərin emosional bağlılıq və mehribanlıq göstərmək qabiliyyəti xeyli aşağı olur. Konkret bir hadisənin ayrı-ayrı cəhətlərini olduğu kimi qavradıqları halda, hadisənin mahiyyətinə varmır, sanki onu tam anlaya bilmirlər. Hələ uşaqlıq dövründən şizoid tipin bəzi xarakterik  xüsusiyyətləri  özünü göstərir.

Şizotipal tip şəxsiyyət pozuntusu

Hərəkətlərində, fikirlərində və xarici görkəmlərində müəyyən qəribəliklər özünü göstərir. Çoxunun yaxın ailə üzvlərindən başqa hər hansı bir yaxın dostu və yaxud sirdaşı olmur. Bəzi yerlərdə öz qeyri-adekvat davranış və fikirləri ilə fərqlənirlər. Bir çoxunun inandığı batil inanclar vardır. Şizotipal tip şəxsiyyət pozuntusu olan insanların ən mühüm xüsusiyyəti yaxın münasibətlərində birdən-birə narahatlıq hiss etmək və münasibətə girmək istəyinin get-gedə azalmasıdır. Bu kimi hallar gənclik dövründə başlayır və müxtəlif vəziyyətlərdə özünü büruzə verir. 

Antisosial tip şəxsiyyət pozuntusu

Başqa şəxslərin haqqını gözləməyən, onlara qarşı hörmət və dəyər verməyən insanlardır. Davranışlarında manipulyasiya üstünlük təşkil edir. Yalan danışmaq və evdən tez-tez qaçıb getmələr bu şəxslərə xas davranışlardır. Ailə üzvlərinə, dostlarına qarşı münasibətlərində şiddətə meyillidirlər. Antisosial tip şəxslər dediyi sözlərə, etdikləri hərəkətlərə görə peşmançılıq keçirməzlər. Özlərinin  və həm də digər insanların təhlükəzsizliyi onlar üçün önəmli deyildir. Başqa şəxslərin fikirləri və hissləri onlar üçün maraqlı olmur. Antisosial tip şəxsiyyət pozuntusu qadınlarda kişilərə nisbətən daha az görülür.

Sərhəd tip şəxsiyyət pozuntusu

Bu tip şəxsiyyət pozuntusu olan şəxslər öz daxili aləminin, məqsədlərinin, niyyətlərinin  qeyri-adi olması ilə fərqlənir. Sərhəd tip şəxsiyyət pozuntusu olan şəxslər əksər hallarda rahatlıq tapa bilmirlər. Bu tip şəxslər tənhalığı sevmir, yeni və davamlı olmayan münasibətlər qurmağa səy göstərirlər. Lakin affektiv qeyri-sabitlik və qəzəb reaksiyalarına meyillilik ucbatından qurduqları münasibətlər asanlıqla pozulur. Ətrafdakılarla münasibətdə konflikt yaradan situasiyalar zamanı göstərdikləri emosional gərginlik, bəzən dəfələrlə təkrar olunan özünəxəsarət və özünəqəsd cəhdlərinə səbəb olur.

İsterik tip şəxsiyyət pozuntusu

Bu şəxslərin ən mühüm xüsusiyyətləri özlərinə diqqəti cəlb etməkdir. Daim başqalarından seçilmək, fantaziyalara meyillilik vardır. Adətən bu tip insanlar dəqiq elmlərə maraq göstərmir, daha çox incəsənətlə maraqlanırlar. Belələri haqqında alman psixiatrı Yaspers qeyd etmişdir: “İsterik tip şəxslərin əsas xüsusiyyətləri olduğundan artıq görünməyə çalışmaq, həmişə diqqət mərkəzində olmağa, daha çox həyəcan keçirməyə can atmaqdır”. Bu tip şəxslər, adətən, şənliyi xoşlayırlar, maraqlı məclislərin iştirakçısı olmağa çalışırlar. Onlara diqqət yetirilmədikdə isə tez bir zamanda əhval-ruhiyyələri dəyişir, əsəbləşir və dava-dalaş salmağa başlayırlar.

Narsistik tip şəxsiyyət pozuntusu

Özünü hamıdan üstün tutmaq narsistik tip şəxslərə xas davranışdır. Narsistik tip şəxsiyyət pozuntusu  olan şəxslər həmişə hamıdan fərqləndiklərini və hamıdan fərqli haqqlara sahib olduqlarını fikirləşirlər. Onların işinə müdaxilə olunduqda  və özlərinə qarşı hər hansı neqativ fikir yaxud davranış hiss etdiklərində buna qarşı yüksək həssaslıqla cavab verirlər. Xarici görkəmləri onlar üçün çox önəmlidir və hər zaman özlərinə heyran bir insanlardır. Narsistik tip şəxsiyyət pozuntusu olan şəxslər:

  •  Sərhədsiz gücə, ağıla və gözəlliyə sahib olduqlarını düşünürlər
  • Hamıdan  fərqli və bənzəri olmayan  bir insan olduqlarını düşünürlər
  • Hər zaman başqaları tərəfindən bəyənilmək istəyirlər

Təşvişli tip şəxsiyyət pozuntusu

Bu tip insanlar daim həyəcanlı, narahat və bir qədər qayğılı görünürlər. Həmişə hansısa xoşagəlməz bir hadisənin baş verəcəyini gözləyən belə adamlar özlərinə qarşı inamsız olur. Təşvişli tip şəxsiyyət pozuntusu olan insanların, adətən dostları, tanışları çox olmur. Yeni bir  ünsiyyət qurulması, yeni işə başlamaq, ictimai bir tapşırığı yerinə yetirmək onlar üçün olduqca çətin gəlir. Belə tip insanlar münasibət qurmaq istəsələrdə, sadəcə olaraq onları qoruyub-saxlaya bilmirlər.  Uşaqlıq dövründə valideynləri tərəfindən aşırı müdafiə olunması yaxud  avtoritat rejimdə tərbiyə almaları özünü büruzə verir.

          Asılı tip şəxsiyyət pozuntusu

  Bu cür şəxsiyyət pozuntusu olan şəxslər, kənar şəxslərin təsirinə qarşı həssas, başqalarından daim kömək istəyən insanlar olurlar. Məsuliyyət tələb edən istənilən işə başlamaq onlar üçün çətin olur. Tanış olmayan işlə məşğul olmaq təklifi belə onlarda qorxu və məyusluq yaradır. Onlar insanlarla tanış olmaqda çətinlik çəkirlər. Qadınlarda kişilərə nisbətən daha çox görülür. Xroniki somatik xəstəliklər keçirmiş, daha kiçik yaşlarda valideynlərini itirmiş şəxslərdə daha çox görülür. Onlar özləri üçün dayaq nöqtəsi tapmadıqda tənhalıq hissi keçirirlər və bu zaman bəzən sahib olduqları hərşeydən imtina edə bilirlər.

Obsessiv-kompulsiv tip şəxsiyyət pozuntusu

Səliqəlilik, təmizlik, hər şeyin mükəmməl olması kimi məsələlərdə çox həssasdırlar. Onlar əvvəlcədən planlaşdırılmış  göstərişlər əsasında fəaliyyət göstərirlər və səlis olmağa çalışırlar. İcra etdikləri işi dəfələrlə yoxlayırlar. Həmişə təmkinli və hörmətcil olmağa, onlara müraciət edən şəxslərə xidmət etməyə, ətrafdakıların rəğbətini qazanmağa çalışırlar. Tapşırılan vəzifəyə həddən artıq səy göstərmək, işləri yüksək keyfiyyətlə icra etmək istəyi bir an belə olsun onları sakit buraxmır.

Passiv-aqressiv tip şəxsiyyət pozuntusu

Passiv-aqressiv tip şəxsiyyət pozuntusu olan insanlar hər hansı bir problemin öz-özlüyündən həll olunmayacağını və həyatda hər zaman istədikləri işin alınmadığını fikirləşirlər. Həyatın onlara qarşı həmişə zalım olduqlarını düşünürlər. Hər hansı bir işi sonraya saxlayan, yaxud onlara verilən işi ortada buraxan, işin tempini aşağı salan, hər zaman verilən tapşırığı gecikdirən insanlardır. Başqalarının səhvlərini axtarıb ortaya çıxarır və özləri isə hər hansı bir işi çatdıra bilmədikdə buna müxtəlif bəhanələr gətirirlər. Çox yüksək bir müvəffəqiyyət tələb edilən  iş zamanı buna qarşı çıxarlar. Passiv aqressiv tip davranışın yaranması səbəbi müxtəlifdir. Bəzən bu cür davranış öyrədilə bilər, yaxud da  uşaq ana və atasını özünə nümunə götürər. Bəzən də ailə daxilində göstərilən münasibətlə də bağlı ola bilir, xüsusəndə avtoritar tip ailəyə sahib olan şəxslərdə görülə bilir.

 

 

 


"