Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-psixoloji portreti

Uşaqlıq insan həyatının ən gözəl və qayğısız dövrüdür. Uşaq sanki bütün həyat problemlərindən, qayğılardan uzaq, yalnız sevinmək və sevilmək üçün yaşayır. Hər bir adam, adətən, həmin dövrü böyük məmnuniyyətlik hissi ilə xatırlayır, həmin dövrə qayıtmaq istəyir. Uşaqlıq yaşantılarının əsasında insan şəxsiyyəti formalaşır və bu yaşantıların xatirəsini insan bütün ömrü boyu qəlbində canlandırır.
Bəs görəsən, uşaq evlərində, internatlarda, ailədən kənar yaşayan, həyatının ən parlaq dövrünü valideyn qayğısından məhrum olub, küçələrdə böyüyən uşaqlar öz gələcək həyatına hansı xatirələri və yaşantıları aparacaq, bir şəxsiyyət kimi necə formalaşacaqlar? Ailə, xüsusən də ana qayğısından məhrum olan uşaq özünü atılmış, tənha, aldadılmış və lazımsız hiss edir. Bunun nəticəsi isə daha da ağırdır. Bütün bu neqativ yaşantılar uşaqlarda ədavət, düşmən çilik, qəzəb, kin və insanlara inamsızlıq kimi keyfiyyətlər formalaşdırır. İnsanlarla ünsiyyətdə olmaq onlar üçün çox çətindir, çünki hər zaman ətrafdakılar tərəfindən aldadılacaqlarını və atılacaqlarını gözləyirlər. Əfsusslar olsun ki, uşaq evlərində, internatlarda atılmış uşaqların sayı artır və bu problemin cəmiyyətimiz üçün aktuallığı illərlə daha da kəskinləşir. Məhz buna görədir ki, biz söhbətimizi bu mövzu ətrafında qurmağı lazım bildik.

İlk növbədə, ana və doğmaların yoxluğu körpənin gələcəyinə təsiri nöqteyi nəzərindən faciəli, fəlakətli və həlledici amil hesab olunur. Bir çox psixoloqların (Qoldfarb, A.Freyd, C.Boulbi va b.) fikrinə görə, körpənin ilk aylarında yaşadığı həyat şəraitindən törənən nitq inkişafinın ləngiməsi məktəbəqədər yaş dövrünün sonuna qədər, hətta yeni ailəyə daxil olandan sonra da özünü göstərir. Hesab edilir ki, yalnız 9 ayına qədər körpə ailəyə qaytarılarsa, həmin pozuntuların yumşaldılmasına ehtimal var. Uşaq 2,5 yaşına çatdıqda isə inkişaf ləngiməsinin törətdiyi fəsadların bərpası mümkünsüz hesab edilir. Bəs ana ilə ayrılığın uşaq inkişafına bu dərəcədə təsirini nə ilə izah etmək olar? İlk növbədə, ana qida mənbəyidir. Əlavə olaraq o, köməksiz körpənin ilk və təbii himayəsi, mühafizəsidir. Aydındır ki, məhz buna görə ananın yoxluğu körpəni öz köməksizliyini daha kəskin hiss etməyə vadar edir və qorxular yaradır. Qorxular isə təkrar olunaraq güclənir, fobiyalara çevrilir. (1)

Elmi-psixoloji mənbələrin çoxu göstərir ki, erkən yaşlarında uşağın ana məhəbbətindən məhrum olması onun əqli, psixi və şəxsi inkişafında böyük mənfi fəsadlarla nəticələnir. Qərb psixoloqları Avstriya, Fransa, Daniya və ABŞ-da apardıqları tədqiqatlar əsasında belə bir qərara gəliblər ki, hətta maddi və psixoloji cəhəttən qeyri-məqbul sayılan ailələrdə böyüyən uşaqlarla müqayisədə onların uşaq sığınacaqlarında yaşayan həmyaşıdlarının inkişafı xeyli geri qalır, bir çox hallarda isə psixi deffektivlik səviyyəsində olur. Müəlliflərin bir çoxu qeyd edir ki, uşaq evlərində tərbiyə alan 1 yaşlı körpələr süst, solğun, laqeyd, sönük olurlar. 2-3 yaşlı uşaqlarda sadala nan xüsusiyyətlərə nitq inkişafında gerilik, asılılıq və ətrafa marağin itməsi kimi keyfiyyətlər əlavə olunur. Kiçik məktəb yaşlarında isə həmin uşaqlarda tədris materiallarının mənimsəməsində ciddi problemlər, yazı, hesab, mütaliya və məkan təsəvvürlərinin formlaşmasında geriliklər müşahidə olunur. Bundan əlavə, internetlarda yaşayan uşaqların böyüklərlə ünsiyyətlərində də çətinliklər yaranır. Bir tərəfdən onlarda böyüklər tərəfindən diqqətə və qayğıya, nəvazişə və xeyirxahlığa, xoş münasibətə və müsbət emosional kontakta kəskin təlabat duyulur. Digər tərəfdən, ətraflardakı böyüklərlə (tərbiyəçi-lərlə) ünsiyyətin yalnız davranış tənzimi ilə bağlı olması və emosional cəhətdən kasıb olması, böyüklərin tez-tez bir-birini əvəz etməsi, dəyişməsi, uşaqların bir qrupdan və ya bir internatdan başqasına keçməsi kimi amillər həmin təlabatın təmin olunmasını mümkünsüz edir. Nəticədə uşaqlar özlərini ətrafdakılar üçün lazımsız hiss edir, özlərinə inamsız olurlar, eləcə də digər şəxslər onlar tərəfindən lazımsız, əhəmiyyətsiz kimi qəbul olunurlar, insanlarla heç bir dərin bağlılıq yaranmır. Bu şəraitdə yaşayan uşaqların xasiyyətlərində təzahür edən aqressivlik, başqalarını ittiham etmək meyili, öz günahlarını danmaq istəyi kimi xüsusiyyətlər əslində münaqişə şəraitində onların davranışında psixoloji müdafiə formalarıdır.(4)

Valideynsiz uşaqlar ətraf aləmi "bizim" və "özgə"yə bölürlər. "Özgələrə qarşı birləşirlər, onlarla münasibətdə aqressiya nümayiş edirlər, onları öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bütün "özgələrə qarşı onların öz xüsusi normativliyi mövcuddur. Lakin internatlarda yaşayan uşaqlar "öz" qrupları daxilində də çox zaman ayrılıb, təcrid olurlar; başqa uşaqlara qarşı aqressiv, hətta qəddar münasibət göstərirlər. Bu mövqe müxtəlif səbəblərdən yaranır, ən başlıcası isə valideyn himayəsindən məhrum olmuş uşağın təmin edilməmiş məhəbbət təlabatından və onun emosional cəhətdən qeyri-sabit vəziyyətindən irəli gəlir.

İndi isə daha konkret olaraq Bakıda yerləşən bir neçə uşaq evinin sakinləri barədə bir qədər ətraflı söhbət açmaq istərdik (Xətai rayonu 3№-li, Nizami rayonu 1№-li uşaq evləri və "Ümid Yeri" uşaq evi).
Qeyd etmək istərdim ki, bu məlumat bir neçə il əvvəl bizim rəhbərliyimiz və iştirakımızla keçirilǝn sosial-psixoloji tədqiqat zamanı toplanılıb. Ilk növbədə qeyd etmək istərdim ki, həmin müəssisələrin balaca sakinlərinin demək olar ki, yarısı (48%) buraya valideynlərinin boşanması səbəbindən düşüblər: atalar vəsait vermirlər, analar isə uşaqları maddi tərəfdən təmin edə bilmirlər. Uşaqların bir qisminin ataları həbsdə (12%), bir qismi körpəlikdən atılmışlardır. (28%) və az bir hissəsi (6%) qaçqınlıq nəticəsində internatlara düşüblər. Müşahidə olunan uşaqların yalnız 30% tamamilə yetimdir. 3№-li uşaq evi daha səliqəli, maddi tərəfdən daha təminatlıdır və buranın sakinlərinin böyük əksəriyyǝtinin ailəsi var; valideynlər uşaqlara vaxtaşırı baş çəkir, tətillərdə evə aparırlar. Bəzən bir ailədən bir neçə uşaq birgə yaşayır.

Demək olar ki, hər gün uşaq evlərinə müxtəlif insanlar gəlir (öz şəxsi təşəbbüsləri ilə və ya humanitar təşkilatlar xətti ilə); onlar uşaqlara hədiyyələr gətirir, gülümsəyir, xoş sözlər deyib gedirlər. Uşaqlar artıq adət ediblər ki, hamı gedir və böyük əksəriyyət bir daha qayıtmır. Buna görə də çalışırlar heç kimə bağlanmasınlar. Onlar heç kimə etibar etmirlər. Zahirən mehriban və səmimi görünsələr də, əslində çox qapalıdırlar, özləri barədə məlumat verməyi, daxili aləmlərini açmağı sevmirlər. Emosional cəhətdən təminsizlik narahatlığa, həyacana və stressə səbəb olur. Bir tərəfdən insanlarla onların arasında yaranmış sipəri və daxili boşluğu aradan qaldırmaq istəyi, diqqət, məhəbbət və qayğı arzusu, digər tərəfdən səmimi münasibət, bağlılıq yaratmaqda acizlik. Uşaqların bir qismi xoş keçmişlə yaşamağı, xəyallara, uydurmalara, fantaziyalara dalmağı daha üstün tuturdular. Tədqiqatda iştirak edən bütün uşaqlarda ev şəraitinin emosional hərarətinə, mehriban münasibətə ehtiyyac duyulurdu. Eyni zamanda, həyacan, müdafiəsizlik, məzlumluq, düşmənçilik, və ədavət hissi, aqressiya müşahidə olunurdu. Bir neçə kəlmə də istərdim ailədənkənar böyüyən uşaqların digər qrupu küçədə yaşayan uşaqlar barədə danışaq. Bu tədqiqat bir neçə il əvvəl kafedramızın əməkdaşları ilə birgə UNICEF-in sifarişi və sponsorluğu ilə keçirilmişdir.

Qeyd etmək lazımdır ki, bu layihə çərçivəsində ünsiyyətdə olduğumuz uşaqların küçədə yaşayıb və işləmələrinin əsas səbəbləri aşağıdakılardır: işsizlik və maddi çətinliklərlə bağlı miqrasiya (44%), müharibə şəraiti ilə əlaqədar qaçqınlıq və məcburi köçkünlük (34%), valideynlərin xəstǝliyi, ölümü, boşanması, həbsə düşməsi, alkoqola meylliliyi, evsizlik kimi problemlərlə bağlı (22%).

Tədqiqat əsasında əldə elǝdiyimiz bir neçə konkret nəticələrə diqqəti yönəltmək istərdim.

Ədəbiyyat:

  1. Боулби Дж. Детям любовь и заботу.// Лишенные родительского попечительства. Хрестоматия. - под ред. В.С.Мухина. - М.,1991
  2. Меджидова С.М. <<Уличные дети>> социологический и психо- логический портрет» -Баку, 2003
  3. Мухина В.С. <<Дети детских домов и школ-интернатов о себе>>
    // Лишенные родительского попе- чительства. Хрестоматия. - под ред. В.С.Мухина. - М.,1991
  4. Фрейд А. Разлука с ма- терью.// Лишенные родительского попечительства. Хрестоматия. - под ред. В.С.Мухина. - М.,1991

Müəllif:

BDU-nun psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Hüseynova G.Q.

"