"Ərə vermək"

Yenə bir qız intihar edib. Səbəb isə ailəsinin onu zorla istəmədiyi birisinə ərə vermək cəhdləri olub. Sözə fikir verin. " Ərə vermək". Burda ər sözü kişini xarakterizə edir. Ərə vermək də qızı kişiyə verməkdir. Bir mülk kimi. Söz haqqı tanımadan. Deyə bilərsiniz ki, nə olsun ki, sözdü də keçmişdən belə formalaşıb. Haqlısınız. Amma bu ifadə bir çox valideynin təfəkküründə elə hərfi mənası kimidir. Qızı vermək. Razılığı olmadan. Əsas odur ki, evdə qalmasın. Və bu tipli valideynlər həmişə " evlənəndən sonra sevəcək", " biz bilirik, qız onla xoşbəxt olacaq" , " problem olsa da, biz müdaxilə edib, həll edərik" , " qızın vaxtı yoxdur, yaşı keçir" kimi cümlələrlə özlərini sakitləşdirirlər. Amma düşünmürlər ki, sevmədiyin bir insanla bir yastığa baş qoymaq və bir gün onu həqiqətən də sevəcəyinə ümid etmək necə dəhşətli bir şeydir. Bu riskə alınacaq bir durum deyil. Necə qızınızın xoşbəxtliyi və həyatı ilə risk edə bilərsiniz? Bu tip valideynlərin standart cavabları var.- Vaxt gələcək bunun üçün bizə " çox sağol" deyəcək. O hələ xəyallar aləmində yaşayır. Biz bilirik, o oğlanla xoşbəxt olacaq. Birdən olmadı? İstəmirsə, istəmir də. Niyə təzyiq edirsiniz ki? Bəlkə səhv edirsiniz? Bəlkə qızınızı bədbəxtliyə sürükləyirsiniz? Bunları düşünmək və məsuliyyətli olmaq lazımdır. Hər şey ehtişamlı toydan və qır-qızıllardan ibarət deyil. İstəyirsiniz qəbul edin, istəyirsiniz yox. Sevgi evlilik üçün ən önəmli faktordu. Bunu dəstəkləyən araşdırmalar var. Sevən zaman bizim beynimizin medyal insula bölgəsi aktivləşir və biz yaranan problemlərin həm daha rahat qəbul edir, həm də daha yaxşı həll edirik. Sevməyən zaman isə ən kiçik şey belə bizim üçün problem ola bilir. Elə evlilik də ona görə var ki, iki insan birlikdə yaşamaq istəyir və bu həyata başladıqları günü yaxınları ilə qeyd edirlər. Ərə getmək lazım deyil, evlənmək lazımdır. Və sadəcə insan sevdiyi və seçdiyi insanla evlənməlidir. Valideyn təzyiqi ya övladı bədbəxt edəcək, ya da öldürəcək. Ona görə də ağıllı, məsuliyyətli və anlayışlı olmaq lazımdır

"