Sevgi asılılığı

Gənc pasiyentlərim arasında tez-tez "sevgi asılılığı" dediyim məsələ ilə qarşılaşıram. Bəzən, insanlar qarşı cins tərəfindən sevilməsələr bədbəxt olacaqlarını düşünürlər. Pasiyentin olan bir tələbə qız eynilə belə demişdi:- Qrupda məndən başqa hər kəsin sevgilisi var. Və bu məni çox pis edir.Bəzən də insanlar münasibətdə olduqları insanların onlara daim diqqət və sevgi göstərməsini istəyir. Əks halda pis olurlar. Bu düşüncənin altında yatan bir inanc var.
Əgər həyatımda heç kim olmasa, hər anımı paylaşacaq bir adam tapmasam həyatdan zövq ala bilmərəm.
Bu inanca sahib olan insanlar qarşı tərəfə bu mesajı vermiş olurlar.
" Mənim özümün bir dəyəri yoxdur. Həyatımda bir insan olmalıdır ki, məni ayağa qaldırsın"
Əmin olun ki, belə düşünən insanlar yuxarıdakı mesajı bir şəkildə ötürməyi bacarırlar. Və bu neqativ mesaj çox insanı qaçırır. Nəticədə, həqiqətən də tək qalırlar. 
Sevgi asılılığı olan insanlar təkbaşına əylənməyi bacarmırlar. Halbuki, sınasalar təkbaşına zövq ala biləcəkləri bir çox şey tapa bilərlər. Başqalarından sevgi tələb etmək yerinə, özünüzü sevməlisiniz. Özünü sevən insanlar digərləri tərəfindən də cəlbedici görünürlər. Hər insan həyatındakı insanın özgüvənli, özünü sevən və əyləncəli olmasını istəyir. " Məni xoşbəxt et" demək yerinə özünüzü xoşbəxt etməlisiniz. Belə halda sizi xoşbəxt etməyə can atan insanlar da çoxalacaq. 
İndi deyə bilərsiniz ki, yox təkbaşına qalmaq pisdi, xoşbəxt olmaq üçün məni sevəcək insana ehtiyacım var. Bilirəm, şeirlərdə və filmlərdə bunu görmüsünüz. Sevgi hər şeydən üstündür falan filan. Amma həyatda sizə zövq verən bir çox şeyi təkbaşına da edib xoşbəxt ola bilərsiniz. Gəzməyə çıxmaq, dadlı yemək yemək, kitab oxumaq, musiqi dinləmək və filmə baxmaq kimi zövq alacağınız aktivitələri həyata keçirmək üçün kiminsə olması lazım deyil. Təkbaşına həzz alacağınız şeylərin sayı sonsuzdur. 
Özünüzə qarşı aktiv və şəfqətli olanda pozitivliyiniz yüksələcək və ətrafa yaydığınız o həyat enerjisi sizi digər insanlara çəkici göstərəcək. Ona görə də özünüz özünüzə qarşı sevgi ilə yanaşın. Belə olduqda, həm sizinlə münasibətə can atan çoxlu insan olacaq, həm də həyatınızdakı insanlar sizinlə daha çox zaman keçirmək istəyəcək.
Fuad Əsədov

"