Təfəkkürün tənqidiliyi ilə bağlı professor Ə.S.Bayramovun tədqiqatlarının təhlili və onun psixoloji fikir tarixində yeri

Psixologiya tarixində təfəkkür problemi, o cümlədən ağlın keyfiyyətləri önəmli problem kimi XX əsrdən etibarən eksperimental üsulla araşdırılmağa başlanılmışdır. Bu problemin dünya psixologiyasında ilk səhifələri A.Bine, E.Klapared, V.Stern tərəfindən yazılmışdır. Özünün dördüncü inkişaf mərhələsini yaşayan Azərbaycan psixoloji fikir tarixi 60-cı illərin sonunda Ə.S.Bayramovun eksperimentləri vasitəsilə dünya psixoloqlarının diqqət mərkəzində olan bir məsələni əqli keyfiyyətlərin inkişafı problemini tədqiq etməklə dünya psixologiyasına qoşuldu. (6.səh.361) Azərbaycan psixologiyasında, təfəkkür sahəsindəki tədqiqatlar əsasən professor Ə.S.Bayramov adı ilə bağlıdır. Onun təfəkkür tədqiqatları dünya psixologiyasında bu istiqamətdə aparılan tədqiqatlarla səsləşmişdir. Sovetlər birliyinin hər yerində olduğu kimi Respublikamızda hər şeyə ideoloji ölçülərlə yanaşıldığı üçün şagird şəxsiyyətinin inkişafını, xüsusilə müstəqil və tənqidi təfəkkürün inkişaf etdirməyi qarşıya məqsəd qoymağı tövsiyə edən, böyük  elmi nəzəri və praktik əhəmiyyət kəsb edən əsər diqqəti o qədər də cəlb etməmişdir. Bu da qeyd etdiyimiz kimi ilk növbədə dövrün ideoloji prinsiplərinə görə belə idi. Uzun müddət sovet psixologiyası şəxsiyyəti ayrıca olaraq öyrənməmiş, onu yalnız və yalnız kollektivin tərkibində öyrənməyə üstünlük vermişdir. Ə.S.Bayramovun təfəkkür psixologiyası, xüsusilə şagirdlərdə ağlın keyfiyyətləri sahəsində apardığı ilk eksperimental tadqiqatlar 1959-cu ildə müdafiə etdiyi "Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III-IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasında öz əksini tapmışdır. Sonrakı illərdə də Əkbər müəllim bu sahədə apardığı tədqiqatları ümumiləşdirərək, problemin nəzəri və praktik əhəmiyyətini nəzərə alaraq, elmi əsərini akademik dildən elmi-kütləvi dilə çevirməklə oxucuların istifadəsinə verdi. Onun 1962-1967-ci illərdə nəşr etdirdiyi "Şagirdlərdə təfəkkürün inkişafı", "Şagirdlərdə təfəkkür müstəqilliyinin inkişafı və tərbiyəsi", "Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri" adlı əsərləri bu qəbildəndir.
Araşdırdığı problemlə bağlı kifayət qədər empirik və eksperimental faktlar əldə edən Ə.S.Bayramov 1968-ci ildə isə "Kiçik mǝktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqilliyi və tənqidiliyinin inkişaf dinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi.
Psixologiya tarixçiləri, respublikamızda eksperimental psixologiyanın inkişafının yeni mərhələsinin 50-ci illərin ikinci yarısından başladığını qeyd edirlər. Eksperimental psixologiyanın inkişafının ikinci dövrü məhz, professor Ə.S.Bayramovun təfəkkür sahəsində apardığı tədqiqatları ilə başlanmışdır. O, alim-psixoloq kimi çox maraqlı və mürəkkəb bir problemlə, ağlın keyfiyyətləri problemi ilə maraqlanırdı. Təfəkkür psixologiyası sahəsində aparılan tədqiqatların böyük əksəriyyətində təfəkkür yalnız proses kimi öyrənilmişdir. Bu cür yanaşma sırf ideoloji prinsiplərə uyğun gəlirdi və bir növ ali psixi funksiyaları şəxsiyyət əmsalına fikir verilmirdi. Şəxsiyyət müstəvisindən kənarda psixi proseslərin öyrənilməsi cəhdi tədqiqatın obyektivliyini şübhə altına qoyurdu.Bu baxımdan S.Bayramov təfəkkür psixologiyasında yeni eksperimental istiqamətdə tədqiqatlar aparmağa başladı. Sonradan artıq onun müəyyən etdiyi yeni istiqamət bir çox Azərbaycan psixoloqları üçün prioritet sahəyə çevrildi. Diqqəti cəlb edən cəhətlərdən biri odur ki, professor. S.Bayramovun apardığı eksperi mental tədqiqatların nəzəri və praktik əhəmiyyəti sayəsində respublikamızda bu istiqamətdə yeni tadqiqat istiqaməti, psixoloji mǝktəb yarandı. Belə ki, professor Ə.S.Bayramovun elmi rəhbərliyi ilə E.M.İsmayılov, O.F.Kərimov, C.Cumaliyeva, R.Ə.Cavadov, Z.A. Veysova və V.R.Əliyevanın apardıqları tədqiqatlarda təfəkkürün tənqidiliyi və müstəqilliyi bu va ya digər aspektdən təhlil edilərək öyrənilmişdir. (3, səh.62)
Psixoloqlardan C.Cumalıyeva, məktəbəqədər yaşlı uşaqlarda tənqidi təfəkkürün erkən təzahür formaları və formalaşması xüsusiyyətlərini (1983), O.Kərimov tələbələrin fərdi və qrup şəklində məsələ həlli zamanı tənqidi təfəkkürün təzahürünü (1987), E.M.İsmayılov özünə tənqidi münasibət əxlaqi davranışın tənzimedici amili kimi (1987), R.Ə.Cavadov, tǝləbələrin qrup şəraitində məsələ həlli prosesində təfəkkür müstəqilliyinin təzahür xüsusiyyətləri və səmərəli təşkili yolları problemi (1990), Z.A. Veysova özünüqiymətləndirmənin adekvatlıq dərəcəsindən asılı olaraq mənəvi böhran şəraitin aradan qaldırılması xüsusiyyətlərini (1987), V.R.Əliyeva isə kiçik məktəblilərdə özünüqiymətləndirmənin təşəkkül xüsusiyyətlə rini (1999) namizədlik dissertasiyaları səviyyəsində eksperimental yolla öyrənmişlər.
Özünün sadəliyi və məntiqi ilə diqqəti cəlb edən əqli keyfiyyətlər eksperimenti, Azərbaycanda eksperimental psixologiyanın inkişafinda mühüm rol oynamışdır. İnamla demək olar ki, Ə.S.Bayramovun əqli keyfiyyətlər eksperimenti Azərbaycan psixologiyasının qızıl fonduna daxil olmuş tədqiqat kimi uzun illər gənc tədqiqatçılar üçün qiymətli mənbə olacaqdır. Professor Ə.Ə.Əlizadə, hörmətli həmkarı Ə.S.Bayramovun 60-70-ci illərdə uşaqlarda təfəkkürün müstəqilliyi və tənqidiliyi keyfiyyətləri ilə bağlı apardığı tədqiqatların elmi-nəzəri və praktik əhəmiyyətini yüksək dəyərləndirmiş və həmin tədqiqatı eksperimental psixologiyanın inkişafında yeni mərhələ hesab etmişdir. O, qeyd etmişdir ki, "bu eksperimentləri təkcə Bakıda deyil, həm də respublikanın kənd rayonlarında, ölkənin və dünyanın müxtəlif regionlarında, tutaq ki, Moskvada, Daşkənddə. Vaşinqtonda və ya Dehlidə təkrar etsək, müvafiq nəticələr alarıq. Müasir eksperiment nəzəriyyəsində bu cəhət xüsusilə yüksək qiymətləndirilir" (4, səh.191). Eksperimental psixoloji tədqiqatlara verilən əsas tələblərdən biri elmi surətdə əsaslandırılmış və sınaqdan keçirilmiş tədqiqat metodikasının olmasıdır. Nəzərə almaq lazımdır ki, psixoloji araşdırmalarda tədqiqat metodlarının adekvatlılığı xüsusi əhəmiyyət kəsb edir və belə metodlar mövzu ilə bağlı lazımi empirik faktların əldə edilməsini şərtləndirir. Bu aspektdən yanaşdıqda Ə.S.Bayramovun uşaqlarda əqli keyfiyyətlər-təfəkkür müstəqilliyi və tənqidiliyi müəyyən etmək, ölçmək üçün hazırladığı və istifadə etdiyi metodika özünün əsaslı olması (validliyi) mötəbərliyi və reprezentativliyi ilə diqqəti cəlb edir.Tədqiqat üçün eksperimental materiallar (20 mətn və 6 şəkil) seçilərkən və tərtib olunarkən kiçik məktəblilərin bilik səviyyəsinə və yaş xüsusiyyətinə uyğunluq dǝrǝcəsi nəzərə alınmışdır. Bu cür yanaşma prinsipi hesabına tədqiqatın nəticələrinin obyektivliyi bir daha təmin olunur. Çünki təfəkkür, xüsusən də əqli keyfiyyətlər hər bir şəxsin həyat təcrübəsi və bilik səviyyəsi ilə şərtlənir. Ə.S.Bayramovun eksperimentator kimi səriştəli psixoloq olması, həm də onun materialları şagirdlərin tanış olduğu həyatdan götürməsi və yaxud onunla əlaqələndirə bilməsindədir.
Tədqiqat ümumi şəkildə iki mərhələ üzrə həyata keçirilmişdir. Birinci mərhələdə təfəkkürün müstəqillik və tənqidiliyi sahəsində III- IV sinif şagirdləri (216 nəfər) arasında fərdi fərqlar öyrənilmişdir. Bu məqsədlə eksperimentator müşahidə metodunun uzunmüddətli və iştirakı növlərindən istifadə etmişdir. Aparılan tədqiqatın obyektivliyini təmin etmək məqsədilə, müəllif şagirdlər haqqında hərtərəfli məlumat əldə etmək məqsədilə onların ailə tərbiyəsi haqqında da materiallar toplamağa çalışmışdır. Tədqiqat zamanı eksperimentator 550-dan artıq dərsi müşahidə etmiş və yeri gələndə şagirdlərlə ünsiyyətə girmək, onların psixoloji xüsusiyyətlərinin öyrənmək məqsədilə sinif müəllimini əvəz etmişdir.
Tədqiqatın ikinci mərhələsində kiçik məktəblilərdə əqli keyfiyyətlərin təfəkkürün müstəqilliyi və tənqidiliyinin inkişaf xüsusiyyətlari öyrənilmişdir. Müxtəlif təlim müvəffəqiyyəti ilə fərqlənən şagirdlərdən 108 nəfəri eksperimenta cəlb olunmuşdur.
İkinci mərhələdə üç müxtəlif qrupa aid olan zəif, orta və yaxşı, solaçı şagirdləri eksperimentə cəlb etməklə eksperimentatorun məqsədi uşaqların təlim müvəffəqiyyəti ilə onların əqlin müstəqillik və tənqidilik keyfiyyətləri arasında asılılığı aşkar etmək olmuşdur. Tədqiqat zamanı eksperimentin iki formasından, müəyyənedici və-  öyrədici formalarından istifadə olunmuşdur. Eksperimentin müəyyǝnedici formasından istifadə etməklə şagirdlərdə tədqiq olunan psixoloji xüsusiyyətin diaqnostikası aparılmışdır. Öyrədici eksperimentin köməyilə onlarda müvafiq keyfiyyətlərin inkişaf etdirilməsinə nail olunmuşdur. Ə.S.Bayramov təfəkkürün müstəqillik va tənqidilik keyfiyyətlərini nisbətən davamlı keyfiyyət hesab edir və onların təşəkkülünü mühüm intellektual - bacarıq hesab edir. Odur ki, ikinci mərhələdə həyata keçirilən öyrədici o eksperimentlar həm də uşaqlarda müvafiq intellektual bacarıqların təşəkkül etdirilməsinə yönəlmişdir. Öyrədici eksperimentlar vasitəsilə - sübut olundu ki, müstəqillik və tənqidilik keyfiyyətləri təlim- tərbiyədən asılıdır və müəyyən mənada sosial xarakter daşıyır.
Ə.S.Bayramov özü belə bir mövzunu tədqiqat işi kimi seçməsini belə izah edir: "Bir sıra qərb psixoloqları müstəqillik və tənqidiliyin ilk dəfə yalnız on bir, on iki yaşdan meydana çıxdığını irəli sürmüş və bu barədə çox dolaşıq, ziddiyyətli fikirlər söyləmişlər. Kiçik məktəbyaşlı uşaqları tədqiqat obyekti olaraq seçməyimizin bir səbəbi də həmin psixoloqların belə mülahizələrinin əsassız olduğunu elmi surətdə sübut edən faktları əldə etməkdir" (2, səh.87).
Ə.S.Bayramovun tədqiqatının praktik əhəmiyyəti həm də onunla səciyyələnir ki, istifadə olunan metodikadan istifadə etməklə hər hansı müəllim heç kimin köməyi olmadan, müstəqil surətdə təlim prosesində öz şagirdinin təfəkkür xüsusiyyətlərini müəyyən edə və onu inkişaf etdirə bilər.
Hörmətli professor, Ə.S.Bayramov əqli keyfiyyətlərin öyrənmə yin metodikası haqqında "Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri (Ə.S.Bayramov, 1967)" adlı kitabında məlumat verməsi məqsədini belə açıqlayır: "Bir cəhət nəzərə alınmalıdır ki, tədqiqat metodikasının geniş şərhi öz şagirdlərinin təfəkkür xüsusiyyətlərinin öyrənmək, onu inkişaf etdirmək qayğısına qalan müəllimlər üçün də çox faydalıdır. Onlar da təlim prosesində şagirdlərin əqli inkişaf xüsusiyyətlərini öyrənmək üçün belə və buna bənzər vasitə- lərdən istifadə edə bilərlər" (2, səh.82.) 
Tədqiqat zamanı diqqəti çəkən məsələlərdən biri onunla əlaqədardır ki, müəllifin gəldiyi qənaət belədir ki, uşaqlarda əqlin müstǝqilliyi və tənqidiliyi keyfiyyəti təlim materialının məzmunu ilə yanaşı həm də həmin materiala hansı təlimatla, hansı ustanovka ilə yanaşmaqdan da asılıdır. Belə ki, yalnız "oxu, yadında saxla", "öyrən, nağıl et" və s. tipli təlim tapşırıqları hafizənin aktivləşməsini təmin etdiyi halda, “şəkildəki uyğunsuzluğu tap", "izah et, oradan nə nəticə çıxara bilərsən?", "necə izah edə bilərsən" və s. tipli suallar isə təfəkkürü aktivləşdirməyə xidmət edir. İkinci tip tǝlimatlar uşaqların fikri fəaliyyətinin istiqamətini təyin etməklə, onları fəallaşdırır. Beləliklə, təlimatın ikinci forması şagirdlərdə müvafiq təfəkkür vərdişlərinin, o cümlədən əqlin müstəqilliyi və tənqidiliyi keyfiyyətlərinin inkişafına köməklik göstərir.
Ə.S.Bayramovun araşdırdığı problem müasir psixologiyanın, o cümlədən pedaqoji psixologiyanın, eləcə də təhsil sisteminin ən aktual məsələlərindən biri olmuş va bu gün da olmaqdadır. Təlimlə əqli inkişaf arasındakı əlaqə həm psixoloji nəzəriyyə, həm də məktəbdə təlim-tərbiyə işinin təşkili üçün prinsipial əhəmiyyət kəsb edən məsələ kimi səciyyələndirilmişdir. Bu məsələnin əhəmiyyəti 1966-cı il avqust ayında Moskvada keçirilən XVIII Beynəlxalq Psixologiya konqresində bir daha sübut olundu. Elə Ə.S.Bayramovun da apardığı tadqiqat qeyd olunan zərurətdən irəli gələn və təlimlə əqli inkişaf arasında olan əlaqəni eksperimental yolla sübut etmək idi. Psixoloqların əksəriyyəti əqli inkişafın mühüm göstəricisi olaraq ilk növbədə təfəkkür xüsusiyyətlərini nəzərdə tuturlar. Onlardan bəziləri fikri əməliyyatları (təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə əməliyyatlarından istifadə etmə bacarığını), digər qismi isə əqli inkişafın əlaməti kimi hər hansı əqli keyfiyyəti əsas götürməyi təklif edir.
Ə.S.Bayramov isə qeyd edir ki, əslində təfəkkür prosesləri ilə əqli keyfiyyətlər arasında sərhəd çəkmək doğru deyildir. Çünki, bunlar arasında sərhəd demək olar ki, səbəblə nəticə arasındakı kimidir. Lakin, məsələyə proses və nəticə nöqteyi nəzəridən yanaşdıqda əqli keyfiyyətlər fikri əməliyyatların nəticəsi təsirini də bağışlayır. Ona görə də Ə.S.Bayramov təfəkkür keyfiyyətlərini, xüsusən də müstəqillik va tanqidiliyi əqli inkişafın göstəricisi hesab edir və onları eksperimentlər qoymaq yolu ilə öyrənməyi qarşısına məqsəd qoymuşdur. Onun fikrinə görə əqli keyfiyyətlərin heç də hamısı insanın idrak fəaliyyətində eyni mövqedə dayanmır. Əqlin müstəqilliyi və tənqidiliyi keyfiyyətlərində insan təfəkkürünün mahiyyəti özünü daha aydın surətdə biruzə verir. Sanki başqa keyfiyyətlər bir yera cəmləşərək müstəqillik və tənqidiliyin ya səbəbi, ya da nəticəsi olur. Bütün əqli keyfiyyətlərin dialektik vəhdəti təfəkkürün müsəqillik və tənqidiliyində özünü çox aydınlıqla təcəssüm etdirir. Tədqiqat işində əsas açar anlayış olduğuna görə Ə.S.Bayramov təfəkkürün tənqidiliyi anlayışının mahiyyətini aşağıdakı kimi izah edir:
"Təfəkkürün tənqidiliyi əsasən insanın mühakiməsindəki ziddiyyətləri, məntiqsizliyi açmağa yönəlmiş olur. İnsan təfəkkürünün tənqidilik keyfiyyəti, necə deyərlər, həyatın inkişaf dialektikasından doğur, daima ortalığa çıxan ziddiyyətləri, uyğunsuzluqları aşkar etmək, təbiətin yaratmış olduğu labirintlərdən çıxış yolunu tapmaq üçün hər bir fikri, mülahizəni, hərəkəti, rəftarı ölçüb-biçməkdən, eksperimentdən keçirməkdən, yoxlayıb seçməkdən irəli gəlir. Buna görə də tənqidi ağıl məntiqi idrakin atributu rolunu oynayır. Lakin belə bir əqli keyfiyyat müxtəlif formada, müxtəlif dərəcədə təzahür edir. İnsan təfəkkürü təbiət etibarı ilə ziddiyyətlidir. Belə ki, təfəkkür prosesində mənimsə nilmiş qaydaları, üsulları, tərzləri mühafizə etmək, saxlamaqla, onlara riayət etmək, onların şəklini də yişdirmək arasında daima mübarizə gedir. Fikirləşməyi bacarmaq, düşünməyə, mühakimə yürütməyə qabil olmaq təkcə bu və ya digər tapşırığı, problemin, məsələnin tələbi ilə keçmiş bilikləri, həm də lazımi bilikləri yada salmaq, hafi zədə canlandırmaq hesab edilə bilməz: həm də qarşıya çıxan konkret məsələyə uyğun gəlməyən, hətta ona müəyyən qədər maneçilik edən biliklərdən (yaxud biliklər sistemindən) al götürməyi, onu rǝdd etməyi bacarmağı da tələb edir. Çox zaman təşəkkül etmiş, formalaşmış biliklər, möhkəmlənmiş, vərdiş halına keçmiş iş üslubu, hərəkət tərzi, fəaliyyət üsulu, məsələnin həllində yeni yollar axtarıb tapmağa maneçilik törədir. Məhz belə anlarda insan təfəkkürünün tənqidiliyi zəruridir. Tənqidi düşüncə sayəsində insan belə formalaşmış iş üsulundan, fikir tərzindən, fəaliyyət qaydasından əl çəkə bilir. Həmin məsələlərin tədqiqi təlim prosesində şagirdlərin əqli inkişafına nail olmaq nöqteyi-nəzərdən çox böyük əhəmiyyətə malikdir. Qarşıya belə sual çıxır: necə etmək lazımdır ki, şagirdlər mənimsədikləri üsul və qaydalara uyğun olaraq fikirləşməyi, onları yerinə görə tətbiq etməyi bacarsınlar, buna alışsınlar, digər tərəfdən isə, lazım gəldikdə həmin qaydalardan, tərzlərdən uzaqlaşmağa. yenilərini yaratmağa qabil olsunlar. Bütün bunlar ağlın tənqidiliyinin inkişaf etdirilməsini tələb edir. Təfəkkürün tənqidiyi insanın: a) dərk olunan fikirləri, faktları, fərziyyələri, eləcə də öz fikir və mülahizələrini yoxlamasında, qiymətləndirməsində; b) idrak obyektlərindəki, mühakimələrindəki uyğunsuzluqları, ziddiyyəti axtarıb tapmasında, onların meydana çıxmasının səbəb və şəraitini araşdırmaqda, aşkar etməkdə, səhvləri düzəltməkdə ifadə olunur.
Tənqidilik də, müstəqillik kimi, ikinci siqnal sisteminin tənzimedici fəaliyyəti ilə bağlı olub, siqnallar siqnalı olan sözlərin törətdiyi mənfi induksiya qanunu ilə əlaqədardır.
Daha sonra, Ə.S.Bayramov tǝfəkkürün tənqidlik keyfiyyətinin mexanizmini belə izah edir: "Təcrübə prosesində müəyyən cisim və hadisələr tamamilə düzgün dərk edilirsə, bu zaman yaranan rabitə keçmişdə yanlış dərketmə ilə əlaqə dar olan sinir əlaqələrinə ləngidici təsir göstərə bilər. Bu halda insan özünün müəyyən fikirindən əl çəkir. Bu proses təfəkkürün tənqidilik keyfiyyətinin əsas mexanizmini təşkil edir." Ə.S.Bayramovun tədqiqatında məqsəd kiçik məktəblilərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətlərini eksperimental yolla öyrənmək olmuşdur. Bu məqsədə nail olmaq üçün o, avvəlcə məktəbəqədər yaş dövründə təfəkkürün inkişafı barədə məlumat verməyi zəruri bilmişdir. Müəllif belə hesab edir ki, məktəbəqədər yaş dövründə təfəkkürün tənqidilik və müstəqillik xüsusiyyətləri barədə məlumata yiyələnmadan, kiçik məktəb yaşlı şagirdlərin əqli keyfiyyətlərinin inkişafında nəzərə çarpan yeni cəhətləri qabarıq surətdə vermək, o barədə aydın təsəvvür yaratmaq çətin olardı.
Tədqiqat zamanı müəyyən edildi ki, şagirdlərdə təfəkkürün tanqidiliyi keyfiyyəti iki səviyyəda təzahür edir: a) səthi tənqid; b) dərin tənqidilikUşaqlarda səhvləri tapmaqda təzahür edən tənqidilik- səthi tənqidilik, səhvləri və onları törədən səbəbləri araşdıranda təzahür edən isə dərin tənqidilik adlandırır. Eksperiment tənqidiliyin mərhələli inkişafı haqqında bərqərar olan V.Stern fikrinin yanlış olduğunu aydın göstərdi.
Kiçik məktəblilərdə təfəkkürün müstəqilliyi və tənqidiliyi keyfiyyətlərinin inkişafı xüsusiyyətləri ilə bağlı S.Bayramovun ümumiləşdirdiyi bəzi nəticələrlə tanış olaq. (2, səh. 49)
1. Kiçik məktəb yaşlı şagirdlərin böyük əksəriyyəti qarşıya ümumi məqsəd qoyularkən idrak obyektlərinə müəyyən tənqidi münasibət bəsləmək, onları ciddi surətdə nəzərdən keçirmək, ona müxtəlif tərəflərdən yanaşmaq bacarığı hələ zəif olur. Uşaqların hamısı yox, yalnız bəziləri kənar göstəriş, yardım olmadan tənqidi surətdə düşünə bilirlər.
2. Tənqidilik qabiliyyəti ibtidai sinif şagirdlərində mövcuddur. Lakin onun təzahürü və inkişaf etdirilməsi üçün qarşıya ümumi xarakterli məqsədin qoyulması heç də kifayət deyildir, həmin imkanı gerçəkliyə çevirməkdən ötrü başqa vasitələrə - daha konkret məqsədlərə əl atmaq lazımdır.

3. Ibtidai sinif şagirdləri müstəqil və tənqidi düşüncə qabiliyyətinə malik olsalar da, hələ ciddi surətdə təsir altına düşürlər və başlıca olaraq tələb edilən şeyləri yerinə yetirməyə səy göstərirlər.
4. Təfəkkürün müsəqillik və tənqidiliyinə görə, şagirdlər arasında fərqlər vardır.


Təfəkkür sahəsindəki fərqlərə görə şagirdləri üç qrupda birləşdirmək təklif olunur. Birinci qrupa özlərinin təfəkkür müstəqilliyi və tənqidiliyinin yüksək inkişaf səviyyəsinə görə fərqlənən şagirdlər daxildir. Onlar tapşırığı kənar göstəriş olmadan müstəqil surətdə həll edirlər. İkinci qrupa daxil olanlar isə kömək və izahat olmadan tapşırığın öhdəsindən gələ bilmirlər. Üçüncü qrupa aid edilənlər isə konkret tapşırıqlar və kömək alsalar da tapşırığa tənqidi surətdə yanaşa bilmirlər.
Tədqiqat işinin sonunda şagird-ıərdə təfəkkürün tənqidilik xüsusiyyətinin tərbiyə olunması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyyə olunur:
a) şagirdlərin hər bir qanun və qaydaya aid özlərindən misal gös- tərmələrini tələb etmək; bir şagirdin gətirdiyi misalların uyğun olub-olmadığını digər şagirdlərə yoxlatdırmaq; daha münasib misal tapmağa şagirdləri təhrik etmək; b) onları həmişə dərsi öz sözləri ilə danışmağa, oradan lazımi nəticələr çıxarmağa sövq etmək, hər bir şagirdin danışığına, onun çıxardığı nəticələrin düzgünlüyünə sinifin şagirdlərinin nəzarətinin təmin etmək; c) bəzi mətnləri keçdikdən sonra, onu şagirdlərin özlərinin bitmiş hissələrə ayrılmasına, hər hissəni məzmununa görə adlandırmalarma nail olmalı və bir neçə şagirdin verdiyi adı oxutdurub ümumi sinfin müzakirəsinə verməli, beləliklə də kimin daha münasib ad seçdiyini müəyyənləşdirməli, həm də şagirdlərin bir-birinin fikrina tanqidi yanaşmasına nail olmalı; d) çalışmaq lazımdır ki, keçilən dərslərdə şagirdlər özləri müvafiq nəticələr çıxarsınlar. Bunun üçün müəllim dərsi izah edərkən hər şeyi hazır şəkildə şagirdlərə çatdırmağa səy etməməlidir.
Professor Ə.S.Bayramovun, Azərbaycanda psixoloji fikrin inkişafında ciddi elmi-nəzəri və praktik əhəmiyyət kəsb edən təfǝkkür sahəsində apardığı tədqiqatlarının uğurunu professor.Ə.Əlizadə belə izah edir: "Gənc alimin uğurları nə ilə şərtlənirdi? Ə.S.Bayramov ilk növbədə səriştəli alim-psixoloq idi. O, elmi idrakin metadologiyası və metodikasına ətraflı bələd idi. Eksperiment nəzəriyyəsi və təcrübəsini isə mükəmməl öyrənmişdi. Ə.S.Bayramovun elmi naliyyətlərinin kökündə məhz burada axtarmaq lazımdır. O, maraqlandığı çətin tin problemi öyrənmək üçün adekvat tadqiqat metodikası işləmişdi. Həmin metodika "Nəzəriyyə. Eksperiment. Praktika" paradiqmasına istinad edirdi, sanballı nəzəri fikrə əsaslanırdı, onun tətbiqi əhəmiyyəti də böyük idi". (4, səh.189) Uşaqlarda təfəkkürün inkişafı məsələlərini araşdıran sovet və xarici ölkə psixoloqlarından fərqli olaraq Ə.S.Bayramov, şagirdlərdə aqli keyfiyyətlərin, xüsusilə tənqidilik və müstəqilliyin genetik köklərinin təfəkkürün çoxsaylı fəaliyyətində axtarsa da, onların mahiyyətini daha çox şəxsiyyət baxımından təhlil etmişdir. Hesab etmək olar ki, tadqiq olunan məsələnin daha çox şəxsiyyət və fəaliyyət müstəvisində araşdırılması alınan nəticələrin elmi-nəzəri və praktik əhəmiyyətini daha da artırmışdır.
Bəs görəsən belə bir ciddi əhəmiyyəti ilə seçilən, nəzəri və praktik effekti olan bu tədqiqat əsərinin noticalari 70-ci illərdə respublikamızın təhsil siyasətində, o cümlǝdən dərslik, proqram və dərs vəsaitlərinin tərtibi prosesində niyə nəzərə alınmadı? Niyə müəllimlərdən şagirdlərin təfəkkürünü inkişaf etdirməyi ön plana çəkməyi tövsiyə etmədilər? Niyə şagirdlərdə təfəkkürün deyil, hafizənin inkişafını əsas götürür, biliyin də qiymətləndirilməsində hafizəyə əsaslanırdılar? Halbuki, Ə.S.Bayramovun tədqiqatları uşaqlarda təfəkkürün inkişafını ön plana çəkməyi və buna nail olmağın psixoloji yolla və vasitələri də göstərilmişdir. Bəs onda niyə orta ümumtəhsil məktəblərində uşaqların ağlını deyil, hafizəsinin inkişaf etdirilməsinə "qayğı göstərilib? Axı, insanı qiymətləndirərkən heç də onun hafizəsinə deyil, ağlına əhəmiyyat veririk. Niyə təlim-tərbiya prosesində şagirdlərin təfəkkür keyfiyyətlərinin, ələxsus müstəqillik va tənqidiliyin inkişafına yardım edən psixoloji situasiya yaradılması müəllim və tərbiyəçilərdən tələb ounmayıb?
Bu sualların obyektiv və subyektiv əsasları var. Obyektiv səbəb. tədqiqatın aparıldığı dövrlə, keçmiş SSRİ dövlətinin ideoloji mühiti ilə əlaqədar idi. Professor Ə.Ə.Əlizadə o dövrü belə xarakterizə edir: "Keçmiş SSRİ məkanında, şəxsiyyətə pərəstiş şəraitində cəmiyyətdə öz-özünə antiintellektualizm ovqatı əmələ gəlmişdi. Ağal milli mentalitet ölçüləri ilə deyil, birtərəfli ideoloji ölçülərlə qiymətləndirilirdi. Represiyanın amansız zərbələri də zamanın ağıllı adamlarına (və onların ailələrinə) tuşlanmışdı. Konformist düşüncə tərzi gündən günə genişlənirdi. Tənqidi va müstəqil düşüncə rəsmi ölçülərlə rəğbətləndirilmirdi" (4, səh.184) Tədqiqatın praktik nəticələrinin məktəb həyatına geniş planda tətbiq olunmamasının digər səbəbini, biz müəllimlərin psixologiya elminin uğurlarından faydalana bilməmələri ilə əlaqədardır. Müəllimlərin psixologiya elmindən faydalana bilməməsinin başlıca səbəbini prof.Ə.Ə.Əlizadə ənənəvi pedaqoji sistemin məktəbdə yaratdığı antipsixoloji mühitlə əlaqələndirmişdir. (5, səh.27) Onun qənaətinə görə, müəllimlər şagirdə obyekt kimi yanaşdıqlarına görə, onun psixologiyasının öyrənmək, təlim tərbiya prosesində psixoloji qanunauyğunluqları sistemli nəzərə almaq üçün sadəcə olaraq zərurət hiss etməlidir. Ənənəvi didaktik sistem üçün güc üsulları sərfəli idi.
Beləliklə, Ə.S.Bayramovun şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri ilə bağlı apardığı tədqiqatların nazari va praktik effektlərindən ölkə miqyasında tətbiq olunmamasının ən başlıca səbəbi sovet, kommunist ideologiyasının yaratdığı komformist düşüncə tərzi və avtoritar rejimlə bağlı idi. Yəni, tədqiqatın sovet imperiyasının ideologiyasına uyğun istiqamətdə olmaması, onun tələbləri ilə səsləşməməsi, onun geniş planda təbliği və tətbiqini çətinləşdirdi. Axı, müstəqil və tənqidi təfəkkür qabiliyyəti ilə seçilən bu günkü şagirdə, sabah avtoritar üsulla təsir göstərmək, ona rəhbərlik etmək, konformist davranış tələb etmək çox çətin olardı.
Beləliklə, professor Ə.S.Bayramovun təfəkkür sahəsində apardığı tədqiqatlar Azərbaycan psixoloji fikir tarixində təfəkkürün tənqidiliyi konsepsiyasının formalaşmasında və təşəkkül etməsində böyük rol oynamışdır. 

Ədəbiyyat:
1.Bayramov.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 1989. 
2.Bayramov Ə. S. Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri. Bakı, 1967, 354 s. 
3.Əliyev B.H. Azərbaycan elm və mədəniyyət xadimləri biblioqrafiya. professor, Ə.S.Bayramov haqqında. Bakı, 2000.83 s.
4.Əlizadə Ə. Ə., H.Ə.Əlizadə Əsrin meqameyilləri: psixopedaqoji problemlər. I kitab, Bakı, 2008.479 s.
5.Əlizadə Ə. Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, 2004, 432 s. 
6.Əliyev R.Psixologiya tarixi. Bakı, 2006, 384 s.

Müəllif: BDU-nun Psixologiya kafedrasının aspirantı Əliyeva S.İ.

"